Zərdabda iki kəndə təbii qaz verilib
Zərdab, 16 noyabr, AZƏRTAC
Zərdab rayonunun Bıçaqçı və Yuxarı Seyidlər kəndlərinə təbii qaz verilib. Ümumilikdə 483 abonentin olduğu yaşayış məntəqələrinin qazlaşdırılması üçün 46237 metrdən çox daşıyıcı-paylayıcı xətt çəkilib, 483 sayğac və tənzimləyici quraşdırılıb.
AZƏRTAC xəbər verir ki, noyabrın 16-da yaşayış məntəqələrinə “mavi yanacağ”ın verilməsi ilə əlaqədar Bıçaqçı kəndində açılış mərasimi keçirilib.
Rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev sakinləri təbrik edib, son illər Zərdabda həyata keçirilən sosial layihələrdən, Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadi sahədə qazanılan uğurlardan danışıb.
Bildirilib ki, Bıçaqçı və Yuxarı Seyidlər kəndləri də daxil olmaqla, rayonda artıq 31 yaşayış məntəqəsi qazlaşdırılır. Hazırda bütün yaşayış məntəqələrinin “mavi yanacaq”la təmin olunması istiqamətində tədbirlər görülür, 4 kənddə qaz çəkilişi davam etdirilir.
Kənd sakinləri adından çıxış edən Elzadə Əliyeva sosial qayğılarına göstərilən diqqətə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Sonda rəmzi məşəl alovlandırılıb, kəndlərə təbii qaz verilib.