Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda “Qanunsuz miqrasiyaya qarşı mübarizə və vətəndaşsızlıq hallarının aradan qaldırılması” mövzusunda tədbir keçirilib

24 dekabr 2016 | 16:00

Yevlax regional miqrasiya idarəsinin xidmət ərazisi olan Zərdabda “Qanunsuz miqrasiyaya qarşı mübarizə və vətəndaşsızlıq hallarının aradan qaldırılması” mövzusunda təşkil edilmiş tədbirdə rayonun şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə  nümayəndələri, əcnəbi və vətəndaşlığı olmayan şəxslər, həmçinin bələdiyyələrin və  ictimaiyyətin təmsilçiləri iştirak ediblər.
Görüşdə Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, həmçinin onların ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, o cümlədən müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması kimi xidmətlər və xidmət yerləri haqqında məlumat verilib. Bununla yanaşı ölkəmizdə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının qorunması ilə bağlı dövlətin həyata keçirdiyi siyasətin uğurlu nəticələri təhlil olunub.
Sonra Xidmət tərəfindən qanunsuz miqrasiyaya qarşı həyata keçirilmiş tədbirlər barədə söhbət açılıb. Bildirilib ki, təkcə bu ilin noyabr ayı ərzində qanunsuz miqrasiyanın qarşısının alınması istiqamətində müvafiq tədbirlər nəticəsində 1855 əcnəbi tərəfindən Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib. Onlardan 17-nin Azərbaycan ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri itirildiyindən yenisi ilə əvəz olunub, 190 nəfərin ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 1260 əcnəbinin Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etmələri, 388 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib.
Vətəndaşsızlıq hallarının aradan qaldırılması üçün il ərzində  Dövlət Miqrasiya Xidmətinin həyata keçirdiyi kompleks layihələr barədə verilən məlumatlar iştirakçılar tərəfindən maraqla qarşılanıb. Diqqətə çatdırılıb ki, vətəndaşlıq məsələləri ilə bağlı Xidmətin fəaliyyətini daha əsaslı həyata keçirə bilməsi üçün Prezident İlham Əliyevin 2015-ci il fevralın 11-də imzaladığı Fərmana əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətini müəyyənləşdirmək Xidmətin vəzifəsi kimi müəyyən olunub. Tədbirdə, həmçinin Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın tələbləri geniş izah edilib.
Sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Tədbirin sonunda təşkil edilmiş səyyar qəbulda 3 nəfərin vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi üçün sənədləri, 1 şəxsin ərizəsi qəbul edilib, 20 nəfərin miqrasiya qnunvericiliyi ilə bağlı sualları cavablandırılıb və onlardan 5-nə vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi üçün tələb olunan sənədlərin siyahısı verilib.

Keçidlər