Şriftin ölçüsü :

Saytın rəngi :

31 Dekabr dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayevin təbriki

30 dekabr 2016 | 16:00

Hörmətli rayon sakinləri, əziz zərdablılar,

Sizi 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi münasibətilə səmimi qəlbdən təbrik edirəm. Qoy 2017-ci il hər birinizə möhkəm can sağlığı, xoşbəxtlik, ailə səadəti, bütün ailələrə bol ruzi və bərəkət bəxş etsin.
Dünya  Azərbaycanlılarının həmrəylik günü Ümummilli lider, dünya şöhrətli siyasətçi, dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlı olmaqla, 31 dekabr Azərbaycan xalqının, dünyanın ayrı-ayrı ölkələrində yaşayan 50 milyondan çox azərbaycanlının həmrəylik tarixdir.
Əziz zərdablılar,
Respublikamız üçün 2016-cı ilin ən mühüm siyasi hadisəsi Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi ilə bağlı ölkəmizdə referendumun keçirilməsi olmuşdur. Rayonumuzda referendum son dərəcə demokratik, ədalətli və şəffaf şəraitdə keçmiş, seçicilərin mütləq əksəriyyəti  təklif olunan dəyişikliklərə öz dəstəyini verməklə növbəti dəfə cənab Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasəti bəyəndiklərini və müdafiə etdiklərini təsdiq etmişlər. 
Rayonumuz üçün 2016-cı ilin ən yadda qalan hadisəsi cənab Prezidentimiz İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın dekabrın 2-də rayonumuza etdikləri səfər olmuşdur.
Səfər tədbirləri çərçivəsində ölkə başçısının əsaslı təmirdən sonra Mərkəzi Rayon Xəstəxanasında yaradılmış şəraitlə tanış olması, səhiyyə işçiləri və ictimaiyyət nümayəndələri ilə görüşməsi, rayonumuzun sosial-iqtisadi inkişafı istiqamətində görülən işləri yüksək qiymətləndirməsi və səfərdən dərhal sonra rayonda aparılan quruculuq-abadlıq işlərini davam etdirmək məqsədilə Rayon İcra Hakimiyyətinə 3 milyon manat vəsait ayırması əhalimizdə yüksək əhval-ruhiyyə yaratmaqla onları 2017-ci ildə daha yaxşı işləməyə ruhlandırmışdır.
2016-cı ildə möhtərəm Prezidentimizin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafına yönəldilən səmərəli və ardıcıl tədbirlər davam etdirilmiş, enerji ehtiyatlarımızın dünya bazarlarına çıxarılması, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsi, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll olunması istiqamətində aparılan işlər gücləndirilmiş, kənd təsərrüfatının inkişaf etdirilməsinə, əhalinin məşğulluğunun artırılmasına, yeni iş yerlərinin yaradılmasına, işsizliyin və yoxsulluğun minimum səviyyəyə endirilməsinə, kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyinin gücləndirilməsinə diqqət artırılmışdır. Respublika əhalisinin, xüsusilə aztəminatlı insanların maddi-rifahının yüksəldilməsinə, əmək haqqı, pensiya və müavinətlərin artırılmasına dövlət siyasətində mühüm yer ayrılmışdır.
Ölkəmizin beynəlxalq aləmdə nüfuzu xeyli artmış Azərbaycan kosmik  ölkələr klubunda öz yerini möhkəmləndirmiş, ordu quruculuğu sahəsində ciddi tədbirlər görülmüş, ordumuz dünyanın güclü ordularının siyahısına daxil edilmişdir.
Əziz zərdablılar,
2016-cı il bizim rayon üçün çox böyük əhəmiyyətə malik bir il olmuşdur.
Bu il də rayonumuzda geniş tikinti quruculuq işlərinin aparılması, sosial xarakterli obyektlərin tikintisinin genişləndirilməsi, rayonumuzun simasının gözəlləşməsi, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində xeyli iş görülmüşdür.
2008-2016-cı illər ərzində rayon üzrə bütövlükdə 335-ə yaxın obyekt tikilmiş, yenidən qurulmuş və ya əsaslı təmir olunmuşdur.
Aqrar sahənin, xüsusən pambıqçılığın, taxılçılığın və baramaçılığın inkişaf etdirilməsi ilə bağlı cənab Prezidentin verdiyi tapşırıqlara uyğun olaraq ciddi tədbirlər görülmüş, 52 tondan çox taxıl, 900 tona yaxın pambıq, 6 tona qədər barama istehsal olunmuş, 265 minə yaxın tut tingi əkilmiş, heyvandarlığın inkişafı sahəsində böyük uğurlar əldə edilmişdir. Yeni əkin sahələrinin suvarılması üçün respublikada birinci olaraq böyük layihənin icra olunmasına başlanılmışdır.
Ölkəmizin hər yerində olduğu kimi  bizim rayonumuzda da sosial problemlərin, insanları narahat edən məsələlərin həllinə diqqət və qayğı xeyli artırılmışdır. Bu il rayonun Birinci Alıcanlı, İkinci Alıcanlı, Körpükənd, Şəftəhal, Məlikumudlu, Məlikli, Burunlu, Bıçaqçı, Yuxarı Seyidlər, Əlvənd, Otmanoba, Aşağı Seyidlər, Şahhüseynli kəndlərinə təbii qazın verilməsinə başlanılmışdır. Artıq 35 yaşayış məntəqəsi (83 faiz) qazlaşdırılmışdır. Rayonun kəndlərində əhalinin ekoloji cəhətdən təmiz içməli su ilə təmin olunması üçün modul tipli təmizləyici su qurğuları tikintisi davam etdirilmiş, hazırda rayonda bu tipli 21 qurğu əhaliyə xidmət göstərir.
Rayonun elektrik təsərrüfatının yenidən qurulması işlərinə başlanılmış, Məlikli yarımstansiyasında bu işlər başa çatdırılmış, Zərdab şəhərində, Zərdab-Əlvənd və Zərdab-Bıçaqçı istiqamətində bu sahədə xeyli iş görülmüş, yeni transformator məntəqələrinin qurulması işləri davam etdirilmişdir.
Mərkəzi Rayon Xəstəxanasının, Qaravəlli kənd tam orta məktəbinin binaları, məcburi köçkünlərin məskunlaşdığı Peşə liseyinin yataqxana korpusu əsaslı təmir olunmuş, Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən 50 uşaq yerlik 4 nömrəli körpələr evi-uşaq bağçası istifadəyə verilmiş, Şahhüseynli kəndində həkim məntəqəsi və Kənd Təsərrüfatı Nazirliyinin rayon idarəsi üçün yeni binalar, Yüksək Keyfiyyətli Pres Tamet Tavaları İstehsalı Mərkəzi tikilib istifadəyə verilmiş, 6 ədəd çoxmərtəbəli binanın təmiri başa çatdırılmış, 1 nömrəli məktəb-liseyin əsaslı təmirinə başlanılmışdır. Rayon Məhkəməsi və Elektrik Şəbəkəsi üçün yeni binaların tikintisinə hazırlıq işləri gedir.
Təhsil sahəsində böyük uğurlarımız vardır. 2007-ci ildə rayon üzrə cəmi 47 nəfər ali məktəblərə qəbul olunmuşdursa bu il rayon üzrə ali məktəblərə 166 nəfər məzun qəbul olunmuşdur. 4 nəfər məzun 600-dən çox bal toplamış, onlardan bir nəfəri Prezident təqaüdünə layiq görülmüşdür. Rayonumuzun idmançıları respublika və beynəlxalq əhəmiyyətli yarışlarda böyük uğurlar qazanmışlar.
Rayonumuzda görülən bütün bu işlərə görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarıq.
Əziz həmvətənlər,
Müstəqil Azərbaycan Respublikamız dinamik inkişaf edir və 2017-ci ildə qarşımızda daha böyük vəzifələr durur. Pambıqçılığın, baramaçılığın inkişafı istiqamətində ciddi iş aparılmalı, 3 min hektar sahədə pambıq əkilməli, 15 tondan çox barama istehsal edilməli, sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi, yeni iş yerlərinin açılması üçün konkret tədbirlər görülməlidir. Əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması, sosial problemlərin daha sürətlə həll olunması istiqamətində işlərimiz çoxdur. Bunun üçün hər birimizdən şəxsi məsuliyyət, yüksək intizam, gərgin və səmərəli iş tələb olunur.
Mən inanıram ki, hər bir zərdablı, mənim həmyerlilərim gələcəyə nikbinliklə baxır və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında daha sıx birləşərək, 2017-ci ildə də əzmlə çalışacaqlar.
Mən bütün zərdablıları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə ürəkdən təbrik edirəm. Hər bir ailəyə səadət, xoşbəxtlik, yeni uğurlar arzulayıram.
Bayramınız mübarək olsun!

Keçidlər