Zərdabda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb
Fevralın 26-da Zərdabda Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Rayon rəhbərliyi, əmək kollektivləri və ictimaiyyət nümayəndələri, məktəblilər səhər saatlarında Şəhidlərin xatirə parkını ziyarət edib, abidə kompleksinin önünə gül-çiçək dəstələri qoyublar. Sonra Xocalı soyqırımına həsr olunan rəsmlərdən və divar qəzetlərindən ibarət sərgiyə baxış keçirilib. Anım mərasimində rayon icra hakimiyyətinin başçısı cənab Lütvəli Babayev çıxış edib. Bildirib ki, iyirmi beş il əvvəl fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalıda soyqırımı aktı həyata keçirib, bəşəriyyətin ən böyük faciələrindən birini törədib. Statistik məlumatlara istinad edən L.Babayev qeyd edib ki, həmin gecə 613 nəfər xüsusi amansızlıqla və işgəncələrlə öldürülüb. Onlardan 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qoca olub. 8 ailə tamamilə məhv edilib.
Mərasimdə Xocalı faciəsinin beynəlxalq aləmdə tanıdılması, erməni vəhşiliklərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ümummilli lider Heydər Əliyevin, onun layiqli siyasi varisi, ölkə Prezidenti cənab İlham Əliyevin ardıcıl və məqsədyönlü fəaliyyətləri diqqətə çatdırılıb. Heydər Əliyev Fondunun bu sahədəki xidmətlərindən, “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində görülən işlərdən danışılıb.
Əminliklə vurğulanıb ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn normalarına uyğun həlli, ölkəmizin ərazi bütövlüyünün bərpası, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qayıtması istiqamətində göstərdiyi qətiyyət öz müsbət nəticəsini verəcəkdir. Təsadüfi deyil ki, artıq Xocalı soyqırımı dünya dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən tanınmaqdadır.
Sonra Xocalı faciəsinə həsr olunan ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Rayonun bütün məscidlərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə dini mərasimlər keçirilib.