Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda “Multikulturalizm ili”ndə görülən işlərə və “İslam Həmrəyliyi ili”ndə qarşıda duran vəzifələrə həsr olunmuş tədbir keçirilib

02 mart 2017 | 16:00

Martın 2-də Zərdab Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Multikulturalizm ili”ndə görülən işlərə və “İslam Həmrəyliyi ili”ndə qarşıda duran vəzifələrə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Zərdab Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəhman Feyzullayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, şöbənin əməkdaşı Sədi Hüseynov, Zərdab Rayon İcra Hakimiyyəti Başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Murad Həsənov, Zərdab şəhər “Cümə” məscidinin axundu Feyzulla Tağıyev, Zərdab Rayon Gənclər və İdman İdarəsinin rəisi İlkin Əliyev, dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Çıxış edən Zərdab Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəhman Feyzullayev rayondakı dini durumu təhlil edərək bildirib ki, il ərzində bu sahədə bir sıra uğurlar əldə olunub. O qeyd edib ki, dövlət başçısı İlham Əliyevin 2016-cı ili “Multikulturalizm ili”, onun məntiqi davamı kimi bu ili “İslam Həmrəyliyi ili” elan etməsi bütün dünyaya “bir-birimizə qarşı dözümlü olaq, hörmətlə yanaşaq, həmrəy olmağı, dinlər və məzhəblər arasında dialoq qurmağı bacaraq” çağırışıdır. R.Feyzullayev dünyanın ziddiyyətlər içində boğulduğu və fəlakətlərin baş verdiyi şəraitdə həmrəylik təşəbbüsünün göstərilməsinin aktual məsələ olduğunu diqqətə çatdırıb. Azərbaycanda bir neçə ay sonra keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının da İslamdakı həmrəyliyə töhfə verəcəyini vurğulayıb.
DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev Dövlət Komitəsinin 2016-cı ildə gördüyü işlər, eləcə də cari ildə qarşıda duran vəzifələr, o cümlədən bölgədəki dini durum, əldə edilən nailiyyətlər və nöqsanlar barədə danışıb. Müasir dünyamızı başına alan qanlı qarşıdurmaların daha çox müsəlman ölkələrini əhatə etdiyini vurğulayan Ə.Rəfiyev, Prezident İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi ili” elan edilməsinin humanist və sülhsevər bir təşəbbüs olmaqla ölkəmizin İslam birliyinə olan həssas münasibətinin göstəricisi olduğunu bildirib.
Daha sonra Zərdab şəhər “Cümə” məscidinin axundu Feyzulla Tağıyev dini fəaliyyətlə məşğul olan şəxslərə rayonda dini durumun sabitliyinin qorunması sahəsində daha səmərəli və ardıcıl fəaliyyət göstərmələrini tövsiyə edərək Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvalarının yerinə yetirilməsinin vacibliyini diqqətə çatdırıb.
Sonda ayrı-ayrı dini icmaların sədrlərinin və din xadimlərinin çıxışları dinlənilib, sualları cavablandırılıb.

Keçidlər