Şriftin ölçüsü :

Saytın rəngi :

ZƏRDABDA 2017-Cİ İLİN BİRİNCİ RÜBÜNDƏ GÖRÜLMÜŞ İŞLƏR VƏ QARŞIDA DURAN VƏZİFƏLƏR MÜZAKİRƏ EDİLDİ

18 aprel 2017 | 16:00

18 aprel 2017-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Respublika Prezidenti cənab İlham Əliyevin nitqlərinin tələbləri baxımından cari ilin birinci rübündə rayonda  görülən işlər və qarşıda duran vəzifələr barədə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayevin hesabatına dair geniş şura yığıncağı keçirilmişdir. Yığıncaqda Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev hesabat məruzəsi ilə çıxış etmişdir.
Qeyd olunmuşdur ki, dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi, yüksək diqqət və qayğısı sayəsində 2017-ci ilin birinci rübü ərzində respublikamızda qazanılan uğurlar, əldə olunmuş nailiyyətlər Zərdab rayonunun da sosial-iqtisadi həyatında özünü göstərmişdir. Ötən müddət ərzində Zərdabda xeyli işlər görülmüşdür və bu işlər hazırda da davam etdirilir.
Zərdabda bütün sahələrin yüksək sürətlə inkişaf etməsi bütövlükdə əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasına və makroiqtisadi göstəricilərin artım dinamikasına öz müsbət təsirini göstərmişdir. Rüb ərzində rayon iqtisadiyyatının əsas sahələrində 15 milyon 825 min 300 manatlıq məhsul istehsal edilmişdir. Həyata keçirilən tədbirlər nəticəsində rayonda 130-u daimi olmaqla 328  yeni iş yeri yaradılmışdır. Rayon iqtisadiyyatının aparıcı sahəsi olan kənd təsərrüfatında da inkişaf və irəliləyiş davam etmişdir. 2017-ci ilin məhsulu üçün 19753,5 ha sahədə payızlıq taxıl əkilmiş, sahələrdə alaq otlarına qarşı kimyəvi mübarizə tədbirləri görülmüş və digər aqrotexniki tədbirlər həyata keçirilmişdir.
Cənab Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq pambıqçılığı daha da inkişaf etdirmək məqsədilə əlverişli və münbit torpaq sahələri müəyyənləşdirilmişdir. 3153,7 ha sahədə pambıq əkini üçün müqavilə bağlanılmış, birinci rübün sonunadək 3175,2 hektarda şum, 2600 hektardan çox sahədə arat suvarması aparılmış, rüb ərzində emal müəssisələri tərəfindən fermerlərə vermək üçün 93 tondan çox çiyid tədarük edilmişdir. Səpinin optimal müddətdə başa çatdırılması üçün bütün mövcud imkanlardan səmərəli istifadə olunur.
İcra başçısı qeyd etmişdir ki, rayonda bütün işlər uğurla icra olunur və bunlar deməyə əsas verir ki, zərdablılar 2017-ci ildə də əvvəlki illərin ənənəsini qoruyub saxlayacaq, hər bir sahədə yeni uğurlara imza atılacaqdır. Bunun üçün hər bir sahədə nizam-intizamın yüksəldilməsi, vəzifəli şəxslərin məsuliyyətinin artırılması, hər kəsin üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməsi üçün konkret tədbirlər görüləcəkdir.
Hesabat yığıncağında digər sahələrdə görülən işlər də ətraflı təhlil olunmuşdur.
Yığıncaqda Rayon İcra Hakimiyyəti Başçısının Şıxbağı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Sabit Heydərov, Gəlmə bələdiyyəsinin sədri Abdul Orucov, Suvarma Sistemləri İdarəsinin rəisi Mircəlal Mirzəyev və digərləri çıxış etmişlər.
Sonda müvafiq qərar qəbul edilmiş və yığıncaq iştirakçıları adından Ölkə Prezidentinə müraciət ünvanlanmışdır.

 

Keçidlər