Akademik Zərifə Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verib
Zərdab Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 94-cü ildönümünə həsr olunan tədbir keçirilib.
Təhsil şöbəsinin müdiri Lalə Əmirəliyeva tədbiri açaraq, oftalmoloq-alim Zərifə Əliyevanın oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları, elmi-pedaqoji və ictimai fəaliyyəti ilə həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərdiyini qeyd edib.
Şəhər 3 nömrəli ümumi orta məktəbin Əməkdar Müəllimi Cəvahir İsmayılova, Gəlmə kənd tam orta məktəbin direktoru, Əməkdar Müəllim Gülağa İsgəndərov, 1 nömrəli məktəb-liseyin direktoru Vüsalə Kərimova, Körpükənd kənd tam orta məktəbin müəllimi Kəmalə Əliyeva çıxış edərək, Zərifə xanım Əliyevanın həyat yolundan və fəaliyyətindən danışıblar. Qeyd edilib ki, akademik Zərifə Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək, oftalmologiyanın aktual problemlərinə dair tədqiqatları ilə nəinki keçmiş SSRİ məkanında, dünya miqyasında böyük şöhrət qazanıb. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib.
Şıxbağı kənd tam orta məktəbinin XI sinif şagirdi Pərvin Əhmədli, Gəlmə kənd tam orta məktəbinin şagirdi Lalə Məmmədova “Zərifə Əliyevanın ömür yolu bugünkü şagirdlər üçün əsl nümunədir”, “Zərifə Əliyeva – gözəl həkim, qayğıkeş ana” mövzularında çıxış ediblər.
Sonda rayon icra hakimiyyəti başçının müavini - sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Pərvin Mahmudova görkəmli alim və istedadlı həkim Zərifə xanım Əliyevanın elmi və ictimai fəaliyyətindən danışıb, onun əziz xatirəsinin daim qəlblərdə yaşayacağını vurğulayıb.