Zərdabda “İslam həmrəyliyi sülhə çağırışdır” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib
İyulun 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Zərdab şəhər “Cümə” məscidi dini icması tərəfindən “İslam həmrəyliyi sülhə çağırışdır” layihəsi çərçivəsində “İslam sülh dinidir” adlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev və şöbənin əməkdaşları, Zərdab Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Murad Həsənov, Zərdab şəhər “Cümə” məscidi dini icmasının sədri və axundu Feyzulla Tağıyev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Zərdab RİH başçısı Aparatının nümayəndəsi Murad Həsənov qeyd edib ki, əsrlərboyunca İslam sivilizasiyasının ayrılmaz hissəsi kimi Müsəlman İntibahında mühüm rol oynamış Azərbaycan bu gün də İslam dünyasının önündə gedən dövlətlərdən biridir və ümumbəşəri önəm kəsb edən ideyaların bütün dünya ictimaiyyətinə ünvanlandığı ənənəvi məkan statusunu qorumaqdadır.
DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev mövzu ilə bağlı çıxışında vurğulayıb ki, bu gün bəşəriyyətin qarşısında duran ən mühüm məsələlərdən biri planetimizi, sülhü qorumaq, dünyadakı mövcud dinlərin və xalqların inkişafına hərtərəfli dəstək verməkdir. Əgər dünyada sülh, əmin-amanlıq istəyiriksə, biz müxtəlif dinlərin, mədəniyyətlərin, sivilizasiyaların həmrəyliyinə nail olmalıyıq.
Daha sonra İslamın sülh, qardaşlıq və sevgi dini olması haqqında Zərdab şəhər “Cümə” məscidi dini icmasının sədri və axundu Feyzulla Tağıyevin və DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynovun və digər natiqlərin çıxışları dinlənilib.
Tədbirin yekununda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb. İştirakçılara layihə çərçivəsində nəşr olunan dini ədəbiyyatlar təqdim olunub.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.