ZƏRDABDA YENİ İL VƏ HƏMRƏYLİK GÜNÜ QEYD EDİLDİ
Zərdab rayonunda 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə silsilə tədbirlər keçirilmişdir. 29 dekabr 2012-ci il tarixdə “Natiq” şadlıq sarayında 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə ümumrayon şənliyi keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev çıxış edərək başa çatmaqda olan 2012-ci ilin zərdablıların həyatında uğurlu il kimi yadda qalacağını vurğulamışdır. 2012-ci ilin oktyabr ayının 7-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rayona səfəri zamanı Heydər Əliyev Mərkəzi, Gənclər Mərkəzi, Yeni Azərbaycan Partiyası rayon təşkilatının inzibati binası, Küllülü-Zərdab magistral su kəməri istifadəyə verilmişdir. Tədbirdə millət vəkili Jalə Əliyeva əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nün əhəmiyyətindən söz açaraq Yeni il münasibətilə zərdablıları təbrik etmişdir.
Sonra Rayon İcra Hakimiyyəti Başçısının Gəlmə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Cəfər Mənafova “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, il ərzində rayonun ictimai-mədəni həyatında fəallıq göstərən bir qrup şəxsə isə Rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanı və qiymətli hədiyyələr təqdim olunmuşdur.
Bayram şənliyi respublikamızın tanınmış incəsənət ustalarının çıxışları ilə davam etdirilmişdir.