Zərdabda çəltikçiliyin inkişafı müzakirə olunub
Ölkə Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə sentyabrın 3-də Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair müşavirənin yekunları, müşavirədə ölkə başçısının nitqində qarşıya qoyduğu konkret tapşırıqlardan irəli gələn vəzifələr Zərdabda geniş müzakirə olunub.
Bununla bağlı keçirilən müşavirədə Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev diqqəti ölkəmizdə, o cümlədən Zərdabda çəltikçiliyin dirçəldilməsi üçün göstərilən dövlət dəstəyinə, cənab Prezident İlham Əliyevin kənd təsərrüfatının digər sahələri ilə yanaşı çəltikçiliyin inkişafına göstərdiyi diqqət və qayğıya cəlb edib.
Azərbaycanda çəltikçiliklə məşğul olan 12 rayondan birinin məhz Zərdab olduğunu diqqətə çatdıran icra başçısı bildirib ki, təsərrüfatın bu sahəsi ilə rayonun 7 inzibati ərazi dairəsinin sakinləri çalışırlar. 2012-ci ildə bölgədə cəmi 6 hektarda çəltik əkilib. Ötən il bu göstərici 70,5 hektara, bu il isə 202 hektara çatdırılıb. Rayonun təkcə Məlikli kəndində torpaq mülkiyyətçiləri 105 hektarda çəltik yetişdiriblər. Yuxarı Seyidlər, Alıcanlı, Körpükənd, Qorubağı, Məmmədqasımlı, Pərvanlı ərazi inzibati dairələrində sakinlərin çəltikçiliyə maraqları getdikcə artır.
Müşavirədə cari ildə çəltik əkini sahələrinin ötən ilə nisbətən 3 dəfə artırıldığı diqqətə çatdırılaraq gələn il daha yüksək nəticələr üçün konkret vəzifələr müəyyənləşdirilib, əlaqədar təşkilatlara müvafiq tapşırıqlar verilib. Xüsusilə, çəltikçilərə daha yaxından köməkliyin göstərilməsi tövsiyə olunub.
Digər çıxış edənlər əkin sahələrinin artırılması, yüksək məhsul üçün görəcəkləri işlərdən danışıblar.