Zərdabda cari ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan yığıncaq keçirilib
Zərdab rayonunda iqtisadiyyatın aparıcı sahəsini aqrar sektor təşkil edir. Təsadüfi deyil ki, cari ilin doqquz ayında rayonda 64 milyon 589 min manatlıq məhsul istehsal olunub. Bunun da 41 milyon 215 min manatı və ya 63,8 faizi kənd təsərrüfatının payına düşür.
Bu rəqəmlər oktyabrın 17-də Zərdabda cari ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan yığıncaqda səsləndirilib.
Rayon icra hakimiyyətinin başçısı cənab Lütvəli Babayevin məruzəsində və çıxışlarda taxılçılıq, heyvandarlıq sahələrində əldə olunan nailiyyətlər konkret faktlarla diqqətə çatdırılıb, ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq son illər, o cümlədən cari ilin doqquz ayında ixracyönümlü məhsullar olan baramaçılığın, pambıqçılığın, çəltikçiliyin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, görülən işlər geniş təhlil edilib. Bildirilib ki, bu il 480 qutu ipəkqurdundan 27 min 45 kiloqram barama istehsal olunub. Bu, respublikada ən yüksək göstəricidir. 611 nəfər kümçü barama istehsalına görə 250 min manata yaxın pul əldə edib.
Cari mövsümdə 3232,3 hektar sahədə pambıq yetişdirilib. Hazırda məhsul yığımında 2000 nəfərdən çox işçi qüvvəsi çalışır. Bu günədək 2500 tona qədər pambıq yığılaraq emal müəssisələrinə təhvil verilib.
Çəltikçilik sahəsində də diqqətəlayiq inkişaf var. Hesabat dövründə 202 hektar sahədə çəltik əkilib. Bu ayın əvvəlinədək 690,7 ton məhsul istehsal olunub. Hazırda biçin davam edir.
Hesabat yığıncağında tikinti-quruculuq işlərindən də danışılıb. Qeyd edilib ki, rayonda “Ram Süd” MMC-nin süd emalı müəssisəsi istifadəyə verilib. Sutkalıq istehsal gücü 20 ton olan müəssisədə 100 nəfərə yaxın işçi qüvvəsi çalışır. “SEDA” layihəsi çərçivəsində rayonun Hüseynxanlı, Gödəkqobu, Dəli Quşçu kəndlərində yem sexlərinin, Əlibəyli kəndində tibb məntəqəsinin tikintisi davam etdirilir.
Yığıncaqda təhsil, səhiyyə, mədəniyyət sahələrində həyata keçirilən işlər, qazanılan uğurlu nəticələr barədə ətraflı danışılıb, habelə qarşıda duran konkret vəzifələrdən bəhs olunub.
© Materiallardan istifadə edərkən istinad olunmalıdır