Şriftin ölçüsü :

Saytın rəngi :

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib

05 oktyabr 2026 | 16:48
5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Zərdab şəhər 1 nömrəli məktəb-liseydə Rayon İcra Hakimiyyətinin, rayon təhsil sektorunun və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Zərdab rayon komitəsinin təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin direktorları, körpələr evi-uşaq bağçalarının müdirləri və müəllimlərin iştirakı ilə tədbir keçirilib.
Tədbirdə əvvəlcə Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbirdə çıxış edən Zərdab Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Xəyalə Veyisova Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadənin rayon müəllimlərinə ünvanladığı təbriki çatdırıb. Təbrikdə təhsil sahəsinin dövlətimizin daim diqqət və qayğısı ilə əhatə olunduğundan, rayonun təhsil infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edilib. Müəllimlərin gənc nəslin savadlı, bacarıqlı, milli-mənəvi dəyərlərə və vətənpərvərlik ruhuna sadiq şəxsiyyətlər kimi formalaşmasında mühüm rol oynadığı vurğulanıb. Təhsil işçilərinə şərəfli və məsuliyyətli fəaliyyətlərində uğurlar arzulanıb.
Daha sonra çıxış edənlər müəllim əməyinin cəmiyyətin inkişafındakı mühüm rolundan, təhsil sahəsində əldə olunan nailiyyətlərdən və qarşıda duran vəzifələrdən söz açıblar. Çıxışlarda müəllimlərin gənc nəslin təlim-tərbiyəsində, onların milli-mənəvi dəyərlərə bağlı, savadlı və vətənpərvər şəxsiyyət kimi formalaşmasında mühüm rol oynadıqları vurğulanıb, bütün təhsil işçilərinə fəaliyyətlərində uğurlar arzulanıb.
Tədbirin sonunda rayonda təhsilin inkişafında səmərəli xidmətlərinə görə bir qrup təhsil işçisinə Zərdab Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Zərdab rayon komitəsinin xatirə hədiyyələri təqdim olunub.
Sonda xatirə şəkli çəkdirilib.
Keçidlər