Şriftin ölçüsü :

Saytın rəngi :

Respublika Qadınlar Cəmiyyəti İctimai Birliyinin regionlarda gənclərin şəhid ailələri və Qarabağ qaziləri ilə görüşlərinin keçirilməsi layihəsi çərçivəsində Zərdab rayonunda tədbir keçirilib

02 noyabr 2017 | 16:00

Azərbaycan  Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Respublika Qadınlar Cəmiyyəti İctimai Birliyinin regionlarda gənclərin şəhid ailələri və Qarabağ qaziləri ilə görüşlərinin keçirilməsi layihəsi çərçivəsində Zərdab rayonunda tədbir keçirilib.

Tədbirdən öncə Ulu Öndərimiz Heydər Əliyevin abidəsi ziyarət edilib. Abidənin qarşısına gül və çiçəklər qoyularaq Ulu Öndərin xatirəsi yad edilib. Tədbir iştirakçıları daha sonra Heydər Əliyev Mərkəzi ilə tanış olublar.

Heydər Əliyev Mərkəzində baş tutan tədbir, himnimizin səslənməsi ilə başlayıb və daha sonra 1 dəqiqəlik sükutla şəhidlərimizin xatirəsi yad edilib.

Tədbirin açılışını Zərdab rayon 1 saylı məktəb-liseyin direktoru Vüsalə Kərimova edib. Balaca fəallar da aktivlik göstəriblər. Belə ki, 1 saylı məktəb-liseyin şagirdlərindən ibarət "Şahinlər" hərbi qrupunun ifasında vətənpərvərlik mövzusunda səhnəciklər nümayiş olunub, şeirlər səsləndirilib. Şəhid anaları, qazilər, müharibə veteranları, vətənpərvər gənclər çıxışlar ediblər. Tədbirin keçirilməsində əsas qayə gənc nəslə vətənpərvərlik duyğularının, vətən sevgisinin aşılanması, vətən uğrunda canından keçən oğullarımızın daim anılması, qürur mənbəyinə çevrilməsi olub.

Tədbirdə iştirak edən şəhid anaları - şəhid Eminov Fərrux Əli oğlunun anası Raya xanım, şəhid Mirəliyev Nicat İldırım oğlunun anası Mehriban xanım Qadınlar Cəmiyyətinin diplomları ilə təltif olunublar.

Zərdab rayonunda yerləşən Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Zərdab Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəhman Feyzullayev, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, gənclər, şəhid anaları, qazilər, məktəblilər, gənclər və müəllim kollektivi işirak ediblər.

Tədbirdə Respublika Qadınlar Cəmiyyətinin sədri Bahar Qasımova, cəmiyyətin sədr müavini, "Bizim dövr" qəzetinin təsisçisi və baş redaktoru Vəfa Abbasova, yazıçı- publisist Oqtay Əliyev vətənpərvərlik mövzusunda çıxış edərək gənclərə öz tövhələrini veriblər.  Görüş əsnasında Respublika Qadınlar Cəmiyyəti tərəfindən 1 saylı məktəb-liseyin direktoru Vüsalə Kərimovanın Zərdab rayonu üzrə Qadınlar Cəmiyyətinin sədri seçilməsi üçün Rayon İcra Hakimiyyətinə məktub şəklində müraciət olunub.

Tədbirdən sonra Respublika Qadınlar Cəmiyyətinin Sədri Bahar Qasımova və sədr müavini Vəfa Abbasova yazıçı-publisist Oqtay Əliyev rayonun icra başçısı Lütvəli Babayevlə görüşərək yaratdığı bu gözəl şəraitə görə təşəkkür ediblər. Görüş, gələcəkdə nəzərdə tutulmuş yeni layihələrin müzakirəsiylə  sona çatıb.

Sonda xatirə şəkilləri çəkilib.

© Materiallardan istifadə edərkən istinad olunmalıdır.

Keçidlər