20 YANVAR – MİLLİ QÜRUR GÜNÜMÜZ...
20 Yanvar ümumxalq hüzn günü münasibətilə Zərdab rayonunda ümumrayon anım mərasimi keçirilmişdir. Öncə rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri Şəhidlərin Xatirə parkında 20 Yanvar faciəsinə həsr olunmuş divar qəzetlərinə, rəsm işlərinə və kitab sərgisinə baxış keçirmiş, daha sonra abidə komplekslərinin önünə təzə tər güllər qoymuşlar.
Tədbirin rəsmi hissəsi torpaqlarımızın azadlığı uğrunda öz canlarından keçmiş, şəhid olmuş vətən övladlarının ruhuna dualar verilməsi ilə başlanılmışdır. Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev anım mərasimində çıxış edərək bildirmişdir ki, Azərbaycan xalqının taleyinə qəhrəmanlıq tarixi kimi daxil olmuş 1990-cı ilin 20 yanvar faciəsindən 23 il keçir. Natiq vurğulamışdır ki, 1990-cı ildə baş vermiş 20 Yanvar faciəsi 20-ci əsr boyu xalqımıza qarşı yönəldilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Sovet rəhbərliyinin himayədarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, ermənilərin Azərbaycan xalqına qarşı soyqırımı və azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından deportasiyası bu siyasətin mərhələləri idi. Yekunda L.Babayev bütün zərdablılar adından Vətən yolunda, azadlığımız və müstəqilliyimiz yolunda canlarından keçən şəhidlərimizə Ulu Yaradandan rəhmət, ailələrinə səbir diləmişdir.
Saat 12:00-da bütün rayon ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Rayonun idarə, müəssisə və təşkilatlarının bütün əmək kollektivləri Şəhidlərə Xatirə parkında şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə tər güllər qoymuşlar.