Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab: keçən il 65 milyon manatdan çox kənd təsərrüfatı məhsulları istehsal olunub

29 yanvar 2018 | 16:00

Zərdab, 29 yanvar, AZƏRTAC

Zərdabda ötən il aqrar sektorun inkişafı istiqamətində ciddi irəliləyişə nail olunub.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 2017-ci ildə Zərdabda ümumi məhsul buraxılışının 60,7 faizi kənd təsərrüfatının payına düşüb. Aparılan islahatlar, Prezident İlham Əliyevin ixrac yönümlü məhsulların, o cümlədən baramaçılığın, pambıqçılığın inkişafı ilə əlaqədar verdiyi məsləhət və tapşırıqlar iqtisadiyyatın bu sahəsinin inkişafına ciddi təkan verib. Təsadüfi deyil ki, keçən il rayonda 65 milyon 400 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da inişilki göstəricidən 11 milyon manat çoxdur.

Zərdabda vaxtilə ənənəvi sahə hesab edilən, sonradan demək olar ki, unudulan baramaçılığın inkişafı üçün konkret tədbirlər görülür. Keçən il 480 qutu (9120 qram) inkubasiya olunan ipəkqurdu toxumundan 27 ton 55 kiloqram barama tədarük edilib ki, bu, əvvəlki ildəkindən 4 dəfə çox olmaqla, respublikada ən yüksək göstəricidir. Prezident İlham Əliyevin 2017-ci il 21 dekabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətlərinə görə 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilənlərdən biri də Məlikli kənd sakini, baramaçı İsrayıl Abbasovdur.

Ötən il 3199,3 hektar sahədən 4191,2 ton pambıq istehsal edilib ki, bu da əvvəlki ildəki göstəricidən 4,7 dəfə çoxdur.

Taxıl istehsalı sahəsində rayon tarixində ən yüksək nəticə qazanılıb. Belə ki, 19 min 753,5 hektar sahədən 2016-cı ildəkindən 6 min 721 ton çox olmaqla, 58 min tondan artıq taxıl yığılıb.

2017-ci ildə çəltik, kartof, bostan-tərəvəz məhsulları istehsalında da diqqətəlayiq nəticələr qazanılıb. 1,5 hektarda zəfəran yetişdirilib.

Rayonda, habelə heyvandarlıq sahəsində də nəticələr uğurlu olub.

Hazırda zərdablı fermerlər cari ilin qayğıları ilə yaşayırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Keçidlər