Şriftin ölçüsü :

Saytın rəngi :

“Erkən nikah məişət zorakılığının başlıca amillərindəndir”

31 yanvar 2013 | 16:00

30 yanvar 2013-cü il tarixdə Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzi və Rayon İcra Hakimiyyəti Başçısının Yarməmmədbağı kənd ərazi dairəsi üzrə nümayəndəliyi ilə birlikdə Yarməmmədbağı kənd inzibati binasının iclas zalında “Erkən nikahlar məişət zorakılığının başlıca amillərindəndir” adlı tədbir keçirmişdir.
Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Könül Həsənova açaraq “Erkən nikah məişət zorakılığının başlıca amillərindəndir” mövzusunda geniş məruzə etmişdir. K.Həsənova öz çıxışında qeyd etmişdir ki, bu məsələdə valideynlərin də məsuliyyəti böyükdür. Övladlarını təhsildən yayındıran valideynlər ciddi məsuliyyət daşımalıdır. Erkən nikahlar adətən ölkənin cənub rayonları üçün spesifik olsa da, indi artıq bizim rayonumuzda da bu hallara tez-tez rast gəlinir.
Sonra Yarməmmədbağı kənd tam orta məktəbinin təlim tərbiyə işləri üzrə müavini Məlahət Əliyeva erkən nikahların yaranma səbəblərindən, qarşısının necə alınmasından, kənd həkimi Ağabəy Məmmədov erkən nikahların orqanizmdə yol açdığı fəsadlar haqqında çıxış etmişlər.
Mərkəzin metodisti Ləman Səfərəliyeva “Qadın zorakılığına yox deyək” adlı məruzə etmişdir. Daha sonra erkən nikahın və məişət zorakılığının doğura biləcəyi fəsadlarla bağlı film izlənilmişdir.
Tədbirin sonunda Rayon İcra Hakimiyyəti Başçısının Yarməmmədbağı kənd ərazi dairəsi üzrə nümayəndəsinin müavini Nicat Xəlilov yekun nitqi ilə çıxış edərək bildirdi ki, bu cür tədbirlər valideynlər və yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakter daşımaqla bərabər bu problemin həlli istiqamətində mühüm addımdır.
Tədbirdə iştirak edən valideyn və məktəblilərə Mərkəz tərəfindən bukletlər paylanılmışdır.
 

Keçidlər