Zərdab: Qarşıya qoyulan vəzifələr layiqincə yerinə yetirilir
Zərdab Rayon İcra Hakimiyyətində keçirilən ümumrayon toplantısında 2017-ci ildə rayonun sosial-iqtisadi inkişafına yekun vurulmuş, qarşıda duran vəzifələr ətraflı müzakirə olunmuşdur. Qəbul edilmiş qərarda bu ilin başlıca hədəfləri əksini tapmışdır.
Hesabat məruzəsi ilə çıxış edən Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev əvvəlcə yığıncaq iştirakçılarına Nazirlər Kabinetinin islasında və üçüncü regional inkişaf proqramının icrasına həsr olunmuş konfransda dövlət başçısı İlham Əliyevin ölkənin icra qurumları qarşısında qoyduğu önəmli vəzifələr barədə yığcam məlumat vermişdir. Rayonun son bir illik sosial-iqtisadi inkişaf göstəricilərini şərh edən natiq bildirmişdir ki, 2017-ci ildə ölkəmizin sürətli inkişafı Zərdabda da həyatın bütün sahələrində irəliləyiş və yeniliklərlə müşayiət olunmuşdur.
Son 1 ildə rayon iqtisadiyyatının əsas sahələrində qazanılmış uğurlardan söz açan Lütvəli Babayev qeyd etmişdir ki, 2017-ci ildə 107 milyon 715 min manatlıq məhsul və xidmətlər istehsal edilmişdir ki, bu da 2016-cı ildəki göstəricidən 10 milyon 244 min manat və ya 10,5 faiz çoxdur.
İstehsal olunmuş məhsul və xidmətlərin 65 milyon 400 min manatı (60,7 faiz) kənd təsərrüfatının, 10 milyon 956 min manatı tikintinin (10,2 faiz), 25 milyon 515 min manatı ticarətin (23,7 faiz), 3 milyon 912 min manatı sənayenin (3,6 faiz), 1 milyon 337 min manatı nəqliyyatın (1,2 faiz), 593 min manatı poçt və rabitə xidmətlərinin (0,6 faiz) payına düşür.
Rayon əhalisinin hər nəfərinə düşən məhsul və xidmətlərin həcmi 1854 manat təşkil edir. Ticarət şəbəkəsində 78 milyon 750 min manatlıq istehlak malları satılmışdır ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,1 faiz çoxdur. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 milyon manat və ya 10 faiz artaraq 15 milyon 502 min manat təşkil etmişdir.
Keçən il rayon iqtisadiyyatına yerli sahibkarlar 3 milyon manatlıq investisiya qoymuş, 14 hüquqi və 543 fiziki şəxs vergi orqanlarında qeydiyyatdan keçmişdir. Həyata keçirilən tədbirlər nəticəsində 2017-ci ildə rayonda 3 minə yaxın, o cümlədən 671 daimi iş yeri yaradılmışdır.
İqtisadiyyatın aparıcı sahəsi olan kənd təsərrüfatının inkişafında ciddi irəliləyişə nail olunduğunu vurğulayan rayon rəhbəri bildirmişdir ki, ötən il 19 min 753,5 hektarda 58 min tondan çox taxıl istehsal olunmuşdur ki, bu da əvvəlki ilin göstəricisindən 6 min 721 ton çox olmaqla, rayon tarixində ən yüksək göstəricidir. Bu, həm də o deməkdir ki, artıq rayonda adambaşına 1 tondan artıq taxıl düşür.Toxumçuluq üzrə 3 fermer təsərrüfatı 272 hektar sahədən 926 ton taxıl istehsal etmişdir. 2017-ci il üçün nəzərdə tutulmuş 3000 hektar əvəzinə, 3232,3 hektarda pambıq əkilmiş, 4 min 191,2 ton məhsul yığılaraq emal müəssisələrinə təhvil verilmişdir ki, bu da əvvəlki ilin göstəricisindən 4,7 dəfə çoxdur. 1200 tondan çox pambıq maşınlarla yığılmışdır.
Baramaçılığın inkişaf etdirilməsi ilə bağlı vəzifələrin icrası istiqamətində rayonda səmərəli tədbirlər həyata keçirilmiş, nəticədə 27,5 barama tədarük olunmuşdur ki, bu da əvvəlki ilin göstəricisindən 4 dəfə çoxdur. Rayon üzrə proqnoz tapşırığa 112,7 faiz əməl edilmişdir. Bu, respublikada ən yüksək göstəricidir.
İri malın sayı 54 min 678, qoyun-keçilər 113 min 477 başa çatmışdır ki, bu da müvafiq olaraq 109 və 468 baş çoxdur. 43 min 744 sentner ət, 319 min 437 sentner süd, 8 milyon 75 min ədəd yumurta, 1786 sentner yun istehsal edilərək proqnoz tapşırıqlara artıqlaması ilə əməl olunmuşdur. “Turac-2008” Məhdud Məsuliyyətli Cəmiyyətdə 10 min baş cücə inkubasiya edilərək əhaliyə satılmışdır.
Yığıncaqha qeyd edilmişdir ki, il boyu rayon icra hakimiyyəti humanitar sahələrin normal fəaliyyətini daim nəzarətdə saxlamış, əhalinin və müəssisələrin su, elektrik enerjisi, qaz, istilik təchizatı ilə bağlı zəruri tədbirlər davam etdirilmişdir. İl ərtzində rayon icra hakimiyyətinin başçısı 342 vətəndaşı qəbul etmiş, 39 yaşayış məntəqəsində 43 səyyar qəbul keçirilmişdir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi İbrahim Mustafayev və Milli Məclisin deputatı Jalə Əliyeva yığıncaqda çıxış etmişlər.
Sonda qəbul edilmiş qərarda ötən il qazanılmış uğurların genişmiqyaslı quruculuq işlərini 2018-ci ildə də davam etdirmək, müxtəlif sahələrdə istehsalı daha da artırmaq üçün əlverişli zəmin yaratdığı vurğulanmışdır.
Ziyəddin SULTANOV,
“Xalq qəzeti”nin bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.