Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabın Gəlmə kəndində yem emalı müəssisəsi açılıb

19 fevral 2018 | 16:00

Zərdab, 19 fevral, Adil Ağayev, AZƏRTAC

Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) birgə maliyyələşdirdiyi layihə çərçivəsində Zərdab rayonunun Gəlmə kəndində tikilən yem emalı müəssisəsinin açılışı olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilən açılış mərasimində nazir müavini Sahib Məmmədov Prezidentin rəhbərliyi ilə ölkədə qeyri-neft sektorunun dirçəlişi, iqtisadiyyatın şaxələndirilməsi, regionların davamlı inkişafı sahəsində həyata keçirilən tədbirlər və əldə olunan uğurlar barədə məlumat verib, biznes mühitinin yaxşılaşdırılması və sahibkarlar üçün əlverişli şəraitin yaradılmasının iqtisadi siyasətin prioritet istiqamətlərindən olduğunu vurğulayıb. Nazir müavini qeyd edib ki, regionlarda icma əsaslı biznesyönümlü layihələrin icrası, o cümlədən Zərdab rayonunun Gəlmə kəndində yem emalı müəssisəsinin istifadəyə verilməsi bölgədə aqrar sektorun inkişafı və məşğulluğun artırılmasında əhəmiyyətli tədbirlərdən biridir.

Açılış mərasimində çıxış edən ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin əməkdaşı Rendal Osen birgə layihə çərçivəsində görülən işlərdən danışıb, emal müəssisəsinin bölgədə heyvandarlığın inkişafına töhfə olduğunu bildirib.

Zərdab Rayon İcra Hakimiyyətinin nümayəndəsi Namiz Rüstəmov yem emalı müəssisəsinin istifadəyə verilməsinin kənd sakinlərinin heyvandarlıq və bitkiçilik sahəsində fəaliyyətlərinin genişlənməsinə və yemə olan tələbatın ödənilməsinə şərait yaradacağını diqqətə çatdırıb.

Tədbirdə çıxış edən kənd bələdiyyəsinin sədri Abdul Orucov yaşayış məntəqəsində hazırda 6 min baş iribuynuzlu mal-qaranın və davarın olduğunu diqqətə çatdıraraq, açılan müəssisənin yem təminatında mühüm əhəmiyyətindən danışıb, bunun üçün müvafiq qurumlara təşəkkürünü bildirib.

Qeyd edək ki, müəssisədə yem emalı üçün istehsal sahəsi və anbar inşa olunub, hər birinin istehsal gücü saatda 2 ton olan toxum təmizləyən, yem üyüdən və ot doğrayan avadanlıqlar quraşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

 

Keçidlər