İCRA BAŞÇISI MƏDƏNİYYƏT İŞÇİLƏRİ İLƏ GÖRÜŞDÜ
01 fevral 2013-cü il tarixdə şəhər mədəniyyət evinin 500 nəfərlik zalında Zərdab rayonunun mədəniyyət işçiləri ilə Rayon İcra Hakimiyyəti Başçısının görüşü olmuşdur. İcra başçısı Lütvəli Babayev görüşdə ötən il respublikada və rayonda görülən işlər barədə yığıncaq iştirakçılarına ətraflı məlumat vermiş, 7 oktyabr 2012-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Zərdaba səfəri, səfərdən sonra imzaladığı sərəncam bir daha minnətdarlıq hissi ilə xatırlanmışdır.
Görüşdə həmçinin mədəniyyət işçiləri tərəfindən ötən il görülən işlər, həyata keçirilən çoxsaylı və rəngarəng müxtəlif mədəni-kütləvi tədbirlər razılıqla vurğulanmış və 2013-cü ildə qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.
Bu il ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə bağlı zərdablıların 90 min ədəd ağac əkmək təşəbbüsü mədəniyyət işçiləri tərəfindən də razılıqla qarşılanmış və onlar bu işdə fəal iştirak edəcəklərini bildirmişlər.
Görüşdə çıxış edən Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Gülnar Məhərrəmova, Həsən bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova, Rayon Mədəniyyət və Turizm Şöbəsinin işçisi Mübariz Səfiyaroğlu, Kəndəbil kənd mədəniyyət evinin rəhbəri Bəylər Abdullayev, Bıçaqçı kənd mədəniyyət evinin direktoru Hacağa Hacıyev ölkə Prezidenti tərəfindən H.B.Zərdabinin 170 illik yubileyinin keçirilməsi və H.B.Zərdabi muzeyinin binasının əsaslı təmiri və bədii tərtibatı ilə bağlı respublika Prezidentinin ötən il imzaladığı sərəncamların zərdablılar tərəfindən ölkə rəhbərinə dərin razılıq və minnətdarlıq hissi ilə qarşılandığını vurğulamışlar.
Çıxışlarda həmçinin İsmayıllı hadisələri qətiyyətlə pislənilmiş, ölkəmizdə və rayonumuzdakı ictimai-siyasi sabitlik yüksək qiymətləndirilmiş, dağıdıcı müxalifətin hüquqazidd əməlləri qətiyyətlə pislənilmişdir.
Görüşdə həmçinin yazıçı Əkrəm Əylislinin “Daş yuxular” əsərinə münasibət bildirilmiş və Əkrəm Əylislinin “xalq yazıçısı” adını daşımağa mənəvi haqqının olmadığı vurğulanmışdır.
Görüş iştirakçıları rayonun bütün mədəniyyət işçilərinin 2013-cü ilin prezident seçkilərində ən layiqli namizədi dəstəkləyəcəklərini bəyan etmişlər.