Şriftin ölçüsü :

Saytın rəngi :

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Zərdab rayon qadınlarına təbrik

06 mart 2018 | 16:00

Hörmətli xanımlar!
Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə can sağlığı, ailə sevinci, xoşbəxtlik və gələcək işlərinizdə uğurlar arzulayıram.
Azərbaycan qadını cəmiyyətimizdə yüksək mövqe tutmaqla və həyatımızın bütün sahələrində böyük nailiyyətlər əldə etməklə ölkəmizin nüfuzunun yüksəlməsinə böyük xidmət göstərmişlər.
20-ci əsrin əvvəllərində dünyanın qabaqcıl ölkələrinin qadınlarından xeyli əvvəl seçib-seçilmək hüququ qazanan qadınlarımız ictimai-siyasi fəallıqları sayəsində xeyli müvəffəqiyyətlərə nail olmuşlar.
Gənclərimizin Vətənə, torpağa bağlılığı, müstəqil Azərbaycan Respublikasına, azərbaycançılıq məfkurəsinə sədaqət ruhunda tərbiyə olunmasında analarımızın çox böyük xidmətləri vardır.
Ümummilli liderimiz Heydər Əliyev qadınların problemlərinin həllinə həmişə diqqət və qayğı ilə yanaşmış, “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərman imzalamışdır. Ölkəmizdə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmış və həmin Komitənin bazasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması ölkəmizdə qadınlara, analara, uşaqlara dövlət səviyyəsində olan diqqət və qayğının yeni parlaq nümunəsi olmuşdur.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan qadınına xas olan ən dəyərli keyfiyyətlərini özündə birləşdirməklə parlaq və müqəddəslik rəmzi olan qadınlarımızı dünyada ləyaqətlə təmsil etməsi onları daim başqa xalqların gözündə uca saxlamışdır.
Azərbaycan qadınları ilə bir sırada addımlayan rayonumuzun qadınları bu gün rayonun sosial-iqtisadi inkişafında, təhsil, səhiyyə, mədəniyyət, sahibkarlıq sahələrində əzmlə çalışırlar. 58 min nəfərdən çox rayon əhalisinin 50 faizini təşkil edən qadınlarımız müstəqil Azərbaycan Respublikasının gələcək inkişafına xidmət edən və rayonumuzda həyata keçirilən müxtəlif layihələrdə fəal iştirak etməklə onlara göstərilən etimadı həmişə doğrultmuşlar.
Rayon İcra Hakimiyyəti başçısının 3 müavinindən 1-i, “Əməkdar müəllim” fəxri adını almış 8 nəfər müəllimdən 6-sı, “Tərəqqi” medalı ilə təltif edilmiş 5 nəfərin 4-ü qadındır.
Rayonumuzun ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatında səmərəli fəaliyyətiniz həmişə yüksək səviyyədə hiss olunur, əldə edilmiş bütün nailiyyətlərdə Sizin böyük əməyiniz vardır.
İnanıram ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində sürətlə inkişaf edən ölkəmizdə Siz gənc nəslin milli-mənəvi dəyərlərimizə ehtiram, vətənpərvərlik ruhunda tərbiyə olunması üçün bundan sonra da bütün gücünüzü və bacarığınızı sərf edəcəksiniz.
Bayramınız mübarək olsun!


Lütvəli Babayev
Zərdab Rayon İcra Hakimiyyətinin başçısı

Keçidlər