Şriftin ölçüsü :

Saytın rəngi :

Novruz bayramı münasibətilə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayevin təbriki

16 mart 2018 | 16:00

Əziz zərdablılar!
Sizi xalqımızın əziz bayramı olan Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm, hər birinizə can sağlığı, gələcək işlərinizdə yeni uğurlar, xalqımıza əmin-amanlıq arzulayıram.
Əsrlərin sınaqlarından uğurla çıxmış və özündə milli-mənəvi dəyərlərimizin ruhunu yaşadan Novruz xalqımız tərəfindən çox qədim zamanlardan əsl milli bayram kimi qeyd olunmuşdur. Xalqımız yazın gəlişini ilaxır çərşənbələrdən Novruz axşamınadək kütləvi şənlik və mərasimlərlə qarşılamışdır. Novruz insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllər yaratmışdır.
Novruz xalqımızın tarixi yaddaşından süzülüb gələn ənənəni yaşadan, keçmişimizi və gələcəyimizi bir-biri ilə bağlayan bayramdır.
Ümummilli lider Heydər Əliyev Novruz bayramını xalqımızı tarixən bütövləşdirən, onun varlığını birlik, böyüklük və yaşamaq gücü ilə qidalandıran fenomen kimi qymətləndirmiş, böyük mənəvi gücə malik olan bu bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar kimi dəyərləndirmişdir.
Respublika Prezidenti cənab İlham Əliyev milli özünüdərkin təşəkkülündə müstəsna mövqeyə malik Novruz ənənəsini çoxəsrlik tarixi keçmişinə daim ehtiramla yanaşan xalqımızın dünya mədəniyyətinə misilsiz töhfəlsi adlandırmışdır.  Həmin ənənələrin müqəddəs ərməğan kimi həmişə uca tutulmasını və layiqincə yaşadılaraq gələcək nəsillərə çatdırılmasını hər bir azərbaycanlının vətəndaşlıq borcu olduğunu qeyd etmişdir.
Azərbaycanın birinci xanımı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə muğam və aşıq sənəti ilə yanaşı Novruz bayramı YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi martın 21-ni “Beynəlxalq Novruz günü” elan etmişdir. Bu isə Azərbaycanın dövlət siyasətində Novruzun milli özünütəşkil və yaşatma mexanizmi kimi nə qədər böyük gücə malik olduğunun parlaq sübutudur.
Özündə paklığı, mühüm insani dəyərləri təcəssüm etdirən Novruz bayramı bu il də rayonumuzda böyük sevinclə, yüksək təntənə ilə qeyd olunur. Bahar bayramı ərəfəsində rayonumuzun mərkəzində və kəndlərdə Novruz bayramı ilə bağlı keçirilən müxtəlif tədbirlər və əhalimizin bu tədbirlərdə böyük sevinc hissi ilə iştirak etməsi, tarixi-mədəni irsimizi bütün zənginliyi ilə bir daha nümayiş etdirmək imkanı yaratmışdır.
Respublika Prezidenti tərəfindən rayonun sosial-iqtisadi inkişafına göstərilən böyük  diqqət və qayğı sayəsində sürətlə inkişaf edən və ildən-ilə gözəlləşən Zərdabımızda Novruz bayramı mədəni irsimizə qayğıkeş münasibətin və milli-mənəvi dəyərlərimizə bağlılığın nümunəsinə çevrilmişdir. Həyata keçirilən quruculuq-abadlıq işləri, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər, insanlarımızın qurub-yaratmaq əzmi, 2017-ci ildə rayon iqtisadiyyatının bütün sahələrində əldə olunan yüksək nəticələr rayon əhalisində yüksək əhval-ruhiyyə yaratmaqla onları daha yaxşı işləməyə ruhlandırmışdır.
İnanıram ki, ölkə Prezidenti tərəfindən “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilmiş 2018-ci il də rayonumuz üçün uğurlu il olacaqdır.
Qoy, Müstəqil Azərbaycanımızda ümumxalq bayramı səviyyəsində qeyd olunan Novruz hər bir evə və ailəyə bol ruzi-bərəkət, xalqımıza sülh və əmin-amanlıq bəxş etsin.
Bahar təravətli Novruz bayramınız mübarək olsun, əziz zərdablılar!

Lütvəli Babayev
Zərdab Rayon İcra Hakimiyyətinin başçısı

Keçidlər