Tur-aksiyalar məktəblilərə doğma Azərbaycanı daha yaxından tanıdır
Zərdab, 26 mart, AZƏRTAC
Prezident İlham Əliyevin tövsiyəsi ilə respublikamızın ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən növbəti maarifləndirici tur-aksiyası çərçivəsində martın 26-da Zərdab rayonundan 40 şagird Qubaya yola salınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə Zərdab şəhərindəki Heydər Əliyev parkında yolasalma mərasimi keçirilib. Tur-aksiya iştirakçıları əvvəlcə parkda Ümummilli Liderimizin abidəsini ziyarət edib, heykəlin önünə çiçəklər düzüblər.
Rayon rəhbərlərinin, müəllimlərin, valideynlərin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri mərasimdə rayon icra hakimiyyəti başçısının birinci müavini Rəhman Feyzullayev artıq ənənəyə çevrilən tur-aksiyaların məktəblilərin vətənpərvərlik tərbiyəsində, onlarda azərbaycançılıq ideologiyasının formalaşmasında mühüm əhəmiyyətindən danışıb.
Körpükənd tam orta məktəbin direktoru Rüxsarə Eminova, valideyn Nişanə Zeynalova və başqaları tur- aksiyalarla şagirdlərin vətənimizi, onun tarixini, maddi-mədəniyyətini, sosial-iqtisadi həyatını, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə bu sahədə qazanılan uğurları, sürətli inkişafımızı daha dərindən öyrənmələri üçün əlverişli imkanlar yaradıldığını diqqətə çatdırıblar.
Vurğulanıb ki, dörd gün davam edəcək tur-aksiyada məktəblilər Azərbaycanın şimal bölgəsi – Quba, Qusar və Xaçmaz rayonları ilə, bu yerlərin tarixi, bugünkü həyatı, müstəqillik illərindən sonrakı inkişafı ilə tanış olacaqlar.
Çıxış edən məktəblilər gözəl istirahət, ölkəmizi, onun ayrı-ayrı bölgələrini daha yaxından tanımaq üçün yaradılan imkana görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Şəhər 1 nömrəli məktəb-liseyin X sinif şagirdi Fəxriyyə Yusifli deyib: “İlk dəfədir ki, Qubaya gedirəm. Quba, Qusar və Xaçmaz rayonlarını gəzəcəyik, tarixi abidələr, ümumən görməli yerlərlə tanış olacağıq”.
Sonda tur-aksiya iştirakçıları musiqi sədaları altında rəqs ediblər. Şəhər 1 nömrəli məktəb-liseyin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır