Zərdab rayonunda müşavirə keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin martın 26-da Bərdə rayonunda pambıqçılığın inkişafı məsələlərinə dair keçirilmiş respublika müşavirəsindəki nitqindən irəli gələn vəzifələrin icrası ilə bağlı Zərdab rayonunda müşavirə keçirilib. Prezident Administrasiyasının nümayəndələrinin, yerli icra və bələdiyyə orqanları rəhbərlərinin, fermer və fərdi təsərrüfatçıların iştirak etdikləri müşavirədə bildirilib ki, pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı yeni texnikaların alınması, toxumların, pestisidlərin keyfiyyətinin artırılması, pambıqçılığın intensiv üsullarla inkişaf etdirilməsi, sahələrin suvarılmasının yaxşılaşdırılması, pambıq yığımının vaxtında aparılması, qəbul məntəqələrinin və pambıq təmizləmə zavodlarının fasiləsiz elektrik enerjisi ilə təmin olunması, kadr hazırlığının artırılması ilə bağlı konkret tapşırıqlar verılib.
Müşavirədə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev qeyd edib ki, qarşıya qoyulan vəzifələrin vaxtında icrası üçün çox ciddi işlər görülməlidir və bunun üçün Zərdabda hər cür imkanlar vardır. Zərdab rayonunda keçmiş sovetlər birliyi dövründə 30 min tona yaxın pambıq tədarük edilib, lakin müstəqillik illərində pambıqçılıq tam tənəzzülə uğrayıb. 2015-ci ildə rayonda cəmi 153 hektar sahədə pambıq əkilib və 15 ton pambıq istehsal edilib, məhsuldarlıq 1 sentner olub. Lakin 2016 və 2017-ci illərdə pambıqçılığın inkişafı məsələlərinə dair Sabirabad və Saatlı rayonlarında keçirilən respublika müşavirələrində bu sahənin inkişafı ilə bağlı verilən tapşırıqlar, pambıqçılığın inkişafına dövlət dəstəyinin artırılması, pambığın satınalma qiymətinin artırılması və pambıq istehsalçıları üçün subsidiyaların verilməsi Zərdabda da pambıqçılığın inkişafına böyük təkan verib. 2016-cı ildə rayonda 832 hektar sahədə pambıq əkilmiş, 900,3 ton pambıq tədarük edilmiş, məhsuldarlıq 10,8 sentner olmuşdur. 2017-ci ildə 3232,3 hektar sahədə pambıq əkilmiş, 4191,2 ton pambıq tədarük olunmuşdur ki, bu da 2016-cı ildəki göstəricidən 4,7 dəfə çoxdur. Məhsuldarlıq 13 sentner olmuşdur. Pambıqçılıq sahəsində 3 mindən çox mövsümi iş yerləri yaradılmışdır. Bununla belə məhsuldarlığın səviyyəsi qaneedici deyil. Bunun əsas səbəbləri MKT-lərin yerlərdə pambıq əkini üçün müqavilə bağlanan ərazilərə əvvəlcədən baxış keçirməməsi, ölçü işlərinin aparılmaması, mütəxəssis nəzarətinin zəif olması və verilən gübrələrin, pestisidlərin keyfiyyətinin aşağı olması, 400 hektardan çox sahədə 2 dəfə, 200 hektardan çox sahədə 3-cü dəfə təkrar səpin aparılması olub. Ona görə də bu il bu sahələrə diqqət artırılmalıdır.
İcra başçısı bildirib ki, Zərdabda 3 min hektar sahədə aqropark təşkil edilib, hazırda orada 300 hektar sahədə pambıq əkini üçün hazırlıq işləri aparılır. Pambıqçılığın inkişafında xüsusi rolu olan suvarma sahəsində xeyli iş görülüb, Bəyimli qəsəbəsi ərazisində yerləşən 10 min hektar sahənin suvarılması məqsədilə Kür çayından 15 km məsafəyə su xətti çəkilib.
2018-ci ildə isə 3232 hektar sahədə pambıq əkilməsi üçün “MKT-İK” MMC-nin Zərdab filialı ilə 896 hektar, “Kənd Təsərrüfatı” MMC ilə 2138,4 hektar sahə üçün müqavilə bağlanılmış, 197,6 hektar sahədə fərdi qaydada pambıq əkini nəzərdə tutulub. Bütün sahələrdə şum aparılıb, hazırda arata başlanılıb. Artıq min hektara yaxın sahədə arat aparılıb.
Müşavirədə Prezident Administrasiyasının məsul əməkdaşları çıxış edərək tövsiyə və tapşırıqlarını veriblər.
Fermerləri narahat edən məsələlər və təkliflər dinlənilib, onları maraqlandırlan suallar cavablandırılıb.
© Materiallardan istifadə edərkən istinad olunmalıdır