Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda pambıq tarlalarında məhsuldarlığın artırılması ilə əlaqədar təkliflər müzakirə edilib

28 mart 2018 | 16:00

Prezident İlham Əliyevin martın 26-da Bərdə rayonunda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsindəki nitqindən irəli gələn vəzifələrin icrası ilə bağlı Zərdabda yığıncaq keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yerli icra nümayəndələri və bələdiyyə sədrlərinin, pambıqçılıqla məşğul olan fermerlərin, fərdi təsərrüfat rəhbərlərinin, əlaqədar idarə və təşkilat əməkdaşlarının iştirak etdikləri yığıncaqda qarşıda duran konkret vəzifələrdən danışılıb.

Bildirilib ki, pambıqçılıq üçün yeni texnikaların alınması, toxumların, pestisidlərin keyfiyyətinin artırılması, intensiv üsulların tətbiqi, sahələrin suvarılmasında aqrotexniki qaydaların gözlənilməsi, məhsul yığımının vaxtında və itkisiz aparılması vacib məsələlərdir.

Rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev çıxışında qeyd edib ki, qarşıya qoyulan vəzifələrin vaxtında icrası üçün çox ciddi işlər görülməlidir və bununla əlaqədar Zərdabda hər cür imkanlar var. Vurğulanıb ki, sovetlər birliyi dövründə Zərdabda 30 min tona yaxın pambıq tədarük edilib, lakin müstəqillik illərində pambıqçılıq tənəzzülə uğrayıb. 2015-ci ildə rayonda cəmi 153 hektar sahədə pambıq əkilib, 15 ton məhsul istehsal edilib. Son illər qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər, pambıqçılığın inkişafına dair Dövlət Proqramı aqrar sektorun bu sahəsinin dirçəlməsinə şərait yaradıb. 2016-cı və 2017-ci illərdə pambıqçılığın inkişafı məsələlərinə dair Sabirabad və Saatlı rayonlarında keçirilən respublika müşavirələrində bu sahənin inkişafı ilə bağlı verilən tapşırıqlar, pambıqçılığın inkişafına dövlət dəstəyinin artırılması, məhsulun satınalma qiymətinin artırılması və istehsalçılara subsidiyaların verilməsi Zərdabda da bu sahənin inkişafına böyük təkan verib. 2016-cı ildə rayonda 832 hektar sahədə pambıq əkilib, 900,3 ton pambıq tədarük edilib, məhsuldarlıq 10,8 sentner olub. Ötən il isə əkin sahəsi 3232,3 hektara çatdırılıb, 4191,2 ton pambıq tədarük olunub. Bu da 2016-cı ildəki göstəricidən 4,7 dəfə çoxdur. Pambıqçılıq sahəsində 3 mindən çox mövsümi iş yeri yaradılıb.

Çıxışlarda bütün bunlarla yanaşı, məhsuldarlığın qaneedici olmadığı bildirilib. Bunun əsas səbəbləri kimi əkin sahələrinin ayrılmasında yol verilən nöqsanlar, mütəxəssis nəzarətinin zəifliyi, verilən gübrələrin, pestisidlərin keyfiyyətinin aşağı olması və digər məsələlər qeyd olunub. Bildirilib ki, Zərdabda 3 min hektar sahədə aqropark yaradılıb, hazırda orada 300 hektar sahədə pambıq əkini üçün hazırlıq işləri aparılır. Pambıqçılığın inkişafında xüsusi rolu olan suvarma sahəsində xeyli iş görülüb, Bəyimli qəsəbəsi ərazisində yerləşən 10 min hektar sahənin suvarılması məqsədilə Kür çayından 15 kilometr məsafəyə su xətti çəkilib. 2018-ci ildə 3232 hektar sahədə pambıq əkiləcək və bunun üçün lazımi hazırlıq işləri görülüb. Habelə səpinin yüksək səviyyədə aparılması, məhsuldarlığın artırılması ilə əlaqədar təkliflər müzakirə edilib, fermerləri narahat edən məsələlər dinlənilib.

Yığıncaqda Prezident Administrasiyasının məsul əməkdaşı İbrahim Mustafayev çıxış edərək pambıqçılığın inkişafı ilə əlaqədar respublikada həyata keçirilən tədbirlərdən, qarşıda duran vəzifələrdən danışıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Keçidlər