Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda veteranlar və ağsaqqallarla görüş keçirildi

06 fevral 2013 | 16:00

05 fevral 2013-cü il tarixdə Zərdab Rayon İcra Hakimiyyətində ağsaqqalların və veteranların nümayəndələri ilə 2012-ci il ərzində rayonun ictimai-siyasi və sosial-iqtisadi sahəsində görülən işlər və 2013-cü ildə qarşıda duran vəzifələr barədə icra başçısının hesabat məruzəsinin müzakirəsinə həsr olunmuş görüş keçirilmişdir.
Görüşdə iştirak edən Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev öncə respublikada və rayonda 2012-ci il ərzində görülən işlər barədə görüş iştirakçılarını məlumatlandırmışdır. Başçının hesabat məruzəsindən konkret faktlar gətirilərək qeyd olunmuşdur ki, 2012-ci ildə rayonda Ümumi Daxili Məhsul istehsalı 98 milyon 246 min manat təşkil etmişdir. Bunun 43,4 faizi kənd təsərrüfatının, 37,3 faizi tikintinin payına düşür. İl ərzində tikinti-quruculuq işlərinə ayrılmış investisiyanın həcmi 36,2 milyon manat olmuşdur ki, bu da əvvəlki ildəkindən 8,5 faiz çoxdur.
İcra başçısı digər sahələrdə də baş verən əsaslı dəyişikliklər barədə də görüş iştirakçılarına ətraflı məlumat vermişdir. Rayon rəhbəri ötən ilin ən əlamətdar gününün 7 oktyabr tarixi olduğunu razılıq və minnətdarlıq hissi ilə qeyd etmişdir. Həmin gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Zərdaba səfər etmiş, Heydər Əliyev Mərkəzinin, Gənclər Mərkəzinin, su bulağının, YAP rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak etmişdir. Dövlət başçısı Heydər Əliyev parkı və Veteranlar evi ilə tanış olmuş, rayon ictimaiyyətinin, o cümlədən ağsaqqalların nümayəndələri ilə görüşmüşdür.
İcra başçısı Zərdaba və zərdablılara göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbərinə dərin minnətdarlıqlarını və səmimi təşəkkürlərini bildirmişdir.
İcra Hakimiyyətinin başçısı 2013-cü ildə görüləcək işlər və Dövlət başçısının müvafiq sərəncamı ilə ayrılmış 2 milyon manat vəsait hesabına hazırda aparılan işlər barədə də ətraflı məlumat vermişdir.
Veteranların və ağsaqqalların nümayəndələri çıxış edərək bütövlükdə 2012-ci ildə rayonda aparılan tikinti-abadlıq işlərindən, insanları narahat edən sosial problemlərin uğurla həll edilməsindən danışmış, rayonun kəndlərinə qaz xəttinin çəkilişini, şəhərdə su və kanalizasiya xəttinin tikintisini, kənd yollarının və şəhərdaxili yolların asfaltlanmasını, küçələrə yeni elektrik dirəklərinin quraşdırılmasını, kommunal binaların dam örtüyünün təzələnməsini, məktəb tikintilərini, yeni qəsəbənin salınmasını xüsusi vurğulamış və bir daha dövlət başçısına minnətdarlıq etmişlər. Rayonda keçən il Veteranlar evinin istifadəyə verilməsini onlara göstərilən diqqət və qayğının bariz nümunəsi kimi qiymətləndirmişlər.
Veteranlar çıxışlarında görülməsi vacib olan məsələləri də diqqətə çatdırmışlar.
Görüşdə Azərbaycan dövlətçiliyinə zərbə vurmaq istəyən müxalifət meylli bir qrup insanların qeyri-qanuni hərəkətləri qətiyyətlə pislənilmişdir. Veteranlar və ağsaqqallar bir daha şəhid vermək, çörək növbəsinə dayanmaq istəmədiklərini, sülh və əmin-amanlıq şəraitində yaşamaq istədiklərini bildirmişlər. Həmçinin çıxış edən ziyalı ağsaqqallar erməni dəyirmanına su tökən Əkrəm Əylislinin Azərbaycana ləkə olduğunu, onun və digər onun kimilərin gündən-günə çiçəklənən doğma vətənimizdə yaşamağa mənəvi haqları olmadıqlarını vurğulamışlar.
Veteranlar 2013-cü ildə Ulu Öndərin 90 illik yubiley tədbirlərində və bu il ölkəmizdə keçiriləcək növbəti Prezident seçkilərində fəal iştirak edəcəklərini bəyan etmişlər.
Görüşə yekun vuran Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev dəyərli fikir və təkliflərə görə ağsaqqallara minnətdarlıq etmiş, onların arzu və təkliflərinin nəzərə alınacağını bildirmişdir.
 

Keçidlər