Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda təhsil işçiləri ilə görüş keçirildi

10 fevral 2013 | 16:00

9 fevral 2013-cü il tarixdə Zərdab rayonunda təhsil işçiləri ilə rayon rəhbərliyinin görüşü keçirilmişdir. Görüşdə 2012-ci ildə rayonun ictimai-siyasi və sosial-iqtisadi sahələrdə görülmüş işlər və 2013-cü ildə qarşıda duran vəzifələr barədə Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayevin hesabat məruzəsi müzakirə olunmuşdur.
Görüşdə iştirak edən icra başçısı cənab L.Babayev məruzənin bəzi məqamları ilə iştirakçıları tanış etmiş və qeyd olunmuşdur ki, 2012-ci ildə rayonda bütün sahələrdə əsaslı irəliləyişə nail olunmuşdur.
Kənd təsərrüfatında və tikinti-abadlıq sahəsində görülən işlər ürəkaçan olmuşdur.
Hesabat ilinin zərdablılar üçün ən əlamətdar hadisəsi ölkə Prezidenti cənab İlham Əliyevin oktyabrın 7-də Zərdaba səfəri, çoxsaylı yeni obyektlərin, o cümlədən Heydər Əliyev Mərkəzinin, Gənclər Mərkəzinin, su bulağının və YAP rayon təşkilatının yeni inzibati binasının açılışında iştirakı, Heydər Əliyev parkı və Veteranlar Evi ilə tanışlığı və ictimaiyyət nümayəndələri ilə səmimi görüşü olmuşdur.
İcra başçısı onu da bildirmişdir ki, 2012-ci ildə rayonun təhsil işçiləri üçün də sevindirici olmuşdur. Hazırda rayonda 43 ümumtəhsil məktəbi fəaliyyət göstərir. 6956 nəfər şagirdin təlim tərbiyəsi ilə 978 nəfər pedaqoji işçi çalışır. Son 5 ildə 13 yeni məktəb binası tikilmiş, 1 məktəb, 3 uşaq, bağçası əsaslı təmir olunmuş, 4 məktəbin istilik sistemi bərpa olunmuşdur. Hazırda rayonun Çallı, İsaqbağı və Aşağı Seyidlər kəndlərində yeni məktəb binaları tikilir. 2012-ci ildə rayon üzrə 103 nəfər ali məktəblərə qəbul olunmuşdur. Hansı ki, 2007-ci ildə bu rəqəm cəmi 47 nəfər olmuşdur. Son illərdə 7 nəfər “Əməkdar müəllim” adına layiq görülmüş, 4 nəfər “Tərəqqi” medalı ilə, 3 nəfər Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşdur. Ötən dərs ilinin yekunlarına görə Gəlmə kənd tam orta məktəbi “Ən yaxşı ümumtəhsil müəssisəsi” müsabiqəsinin qalibi olmuşdur, 1 nəfər “Əməkdar müəllim” adına layiq görülmüş, 1 nəfər isə “Tərəqqi” medalı ilə təltif edilmişdir. “Uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılığı” respublika müsabiqəsində 1-ci yer tutan 2 nəfər məktəbli ABŞ təhsil müəssisələrində təhsil almaq hüququ qazanmış və hazırda orada təhsil alırlar.
Məktəbli idmançıların, xüsusilə şahmatçıların və karateçilərin beynəlxalq turnirlərdə, Avropa və Dünya Kuboku yarışlarında fəal iştirakı, yüksək yer tutmaları razılıq hissi ilə qeyd olunmuşdur.
Təhsil işçilərinin nümayəndələri çıxış edərək bütövlükdə hesabat ilində Rayon İcra Hakimiyyəti Başçısının rəhbərliyi ilə rayonda görülən işləri, ölkə rəhbərinin diqqət və qayğısını yüksək qiymətləndirmiş və təhsil sahəsində həlli vacib olan bir sıra məsələlərlə bağlı təklif və müraciətlərini də bildirmişlər.
Yığıncaq iştirakçıları son vaxtlar bir qrup radikal müxalifətçilərin təhriki ilə İsmayıllı rayonunda baş verən hadisələrin siyasiləşdirilməsini qətiyyətlə pisləmiş və respublikamızdakı ictimai-siyasi sabitlikdən razı qaldıqlarını, ən ağrılı yerimiz olan Dağlıq Qarabağ probleminin Ali Baş Komandanımızın rəhbərliyi ilə tezliklə həll olunacağına inamlarını ifadə etmişlər.
Görüş iştirakçıları yazıçı Əkrəm Əylislinin “Daş yuxular” əsərinə də münasibət bildirərək onun “mən azərbaycanlıyam” deməyə bundan sonra mənəvi haqqı olmamasını bəyan edərək, Əkrəm Əylislinin bütün titullarından məhrum edilməsi ilə bağlı ölkə Prezidentinin müvafiq sərəncamlarını ürəkdən alqışladıqlarını bildirmişlər.
Təhsil işçiləri 2013-cü ildə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar zərdablıların rayon ərazisində 90 min ədəd ağac əkmək barədə təşəbbüsünə fəal qoşulduqlarını, bu istiqamətdə təhsil müəssisələrində genişmiqyaslı tədbirlərin keçirilməsinə artıq başlanıldığını vurğulamış və bu ilin oktyabrında Azərbaycanda keçiriləcək növbəti prezident seçkilərində xalqımızın ən layiqli namizədini dəstəkləyəcəklərini bəyan etmişlər.
Yığıncaqda Milli Məclisin üzvü Jalə Əliyeva iştirak və çıxış etmişdir.
 

Keçidlər