Zərdabda pambıqçılığın inkişafı məsələlərinə dair müşavirə keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə 26 mart 2018-ci il tarixdə Bərdə rayonunda keçirilən “Pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi”ndə verilmiş tapşırıqların icrası ilə bağlı 24 avqust 2018-ci il tarixdə Zərdab rayonunda Respublika Kənd Təsərrüfatı Nazirliyinin və Zərdab Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə müşavirə keçirilib.
Rayon rəhbərliyinin, yerli icra nümayəndələrinin, bələdiyyə sədrlərinin, pambıqçılıqla məşğul olan fermerlərin, mütəxəssislərin iştirakı ilə Heydər Əliyev Mərkəzində təşkil olunan müşavirədə əsas diqqət bölgədə pambıqçılığın inkişafına, ölkə Prezidenti cənab İlham Əliyevin bu sahədə qarşıya qoyduğu konkret vəzifələrə yönəldilib.
Rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev müşavirəni açaraq, pambıqçılığın inkişafı istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, pambıqçılıq rayonda təsərrüfatın ənənəvi sahələrindəndir. Ölkə başçısının tapşırığı ilə son illər bu strateji sahənin yenidən dirçəldilməsinə başlanılıb. Cari ildə rayonda 3232 hektar pambıq əkilib və yüksək məhsuldarlıq gözlənilir.
Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov müşavirədə çıxış edərək respublikamızda pambıqçılığın inkişaf strategiyasından, ölkə başçısının bu sahənin inkişafı ilə əlaqədar qarşıya qoyduğu konkret vəzifələrdən danışıb. Cənab Prezident İlham Əliyevin tapşırığına əsasən məhsuldarlığın yüksəldilməsinin vacib məsələ olduğunu və bu istiqamətdə zəruri addımların atıldığını diqqətə çatdırıb.
Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi İmran Cümşüdov pambığın intensiv texnologiyalar əsasında becərilməsi, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəis müavini Yaqub Cəfərov bitki mühafizə vasitələrindən səmərəli istifadənin təşkili, “Aqrolizinq” ASC-nin şöbə müdiri İsrafil İsrayılov texnika və gübrə ilə təminatın vəziyyəti barədə məlumat veriblər.
Sonra pambıq əkən şirkətlər olan “P-aqro” MMC və “MKT İK” MMC-nin nümayəndələri və fermerlər ilə qarşılıqlı fikir mübadiləsi aparılıb.
© Materiallardan istifadə edərkən istinad olunmalıdır.