Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda rayonun qadın ictimaiyyətinin nümayəndələri ilə görüş keçirildi

15 fevral 2013 | 16:00

14 fevral 2013-cü il tarixdə Heydər Əliyev Mərkəzinin 150 nəfərlik iclas zalında rayonun qadın ictimaiyyətinin nümayəndələri ilə Rayon İcra Hakimiyyəti Başçısının 2012-ci il ərzində rayonun ictimai-siyasi və sosial-iqtisadi sahəsində görülən işlər, 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş görüşü keçirilmişdir.
Görüşdə çıxış edən Rayon İcra Hakimiyyətinin Başçısı, iqtisad elmləri namizədi cənab Lütvəli Babayev ötən il respublikamızda və eləcə də rayonda görülən işlər, əhalini narahat edən sosial problemlərin həlli istiqamətində atılan addımlar barədə görüş iştirakçılarını məlumatlandırmışdır. Qeyd olunmuşdur ki, 2012-ci ildə rayonda Ümumi Daxili Məhsul istehsalı 98 milyon manatdan çox olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 8,5 faiz çoxdur. Əsasən aqrar rayon olan Zərdabda kənd təsərrüfatının inkişafına xüsusi qayğı göstərilmiş, taxıl, bostan, tərəvəz və heyvandarlıq məhsulları istehsalı sahəsində əsaslı dönüş olmuşdur. 2012-ci ildə rayonda tikinti-quruculuq işlərinə 36 milyon manat vəsait istiqamətləndirilmişdir.
İcra başçısı digər sahələrdə də baş verən əsaslı dəyişikliklər barədə də görüş iştirakçılarına ətraflı məlumat vermişdir. Rayon rəhbəri ötən ilin ən əlamətdar gününün 7 oktyabr tarixi olduğunu razılıq və minnətdarlıq hissi ilə qeyd etmişdir. Həmin gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Zərdaba səfər etmiş, Heydər Əliyev Mərkəzinin, Gənclər Mərkəzinin, su bulağının, YAP rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak etmişdir. Dövlət başçısı Heydər Əliyev parkı və Veteranlar evi ilə tanış olmuş, rayon ictimaiyyətinin, o cümlədən qadınların nümayəndələri ilə görüşmüşdür.
İcra başçısı Zərdaba və zərdablılara göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbərinə dərin minnətdarlıqlarını və səmimi təşəkkürlərini bildirmişdir.
İcra Hakimiyyətinin başçısı 2013-cü ildə görüləcək işlər və Dövlət başçısının müvafiq sərəncamı ilə ayrılmış 2 milyon manat vəsait hesabına hazırda aparılan işlər barədə də ətraflı məlumat vermişdir.
Qadın ictimaiyyəti nümayəndələri - şəhər 1 saylı tam orta məktəbin “Əməkdar müəllimi” Sara Sultanova, Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Könül Həsənova, Mədəniyyət və Turizm Şöbəsi YAP ilk təşkilatının sədri Gülnaz Məmmədova, Gəlmə kənd sakini İlahə Şirinova və digərləri çıxış edərək bütövlükdə 2012-ci ildə rayonda aparılan tikinti-abadlıq işlərindən, insanları narahat edən sosial problemlərin uğurla həll edilməsindən danışmış, rayonun kəndlərinə qaz xəttinin çəkilişini, şəhərdə su və kanalizasiya xəttinin tikintisini, kənd yollarının və şəhərdaxili yolların asfaltlanmasını, küçələrə yeni elektrik dirəklərinin quraşdırılmasını, kommunal binaların dam örtüyünün təzələnməsini, məktəb tikintilərini, yeni qəsəbənin salınmasını xüsusi vurğulamış və bir daha dövlət başçısına minnətdarlıq etmişlər. Rayonda Uşaq və Ailələrə Dəstək Mərkəzinin yaradılması və Mərkəz üçün yeni binanın istifadəyə verilməsini onlara göstərilən diqqət və qayğının bariz nümunəsi kimi qiymətləndirmişlər. Çıxış edənlər həmçinin arzu və təkliflərini də səsləndirmişlər.
Görüş iştirakçıları respublikamızda ictimai-siyasi sabitliyi, asayişi pozmağa cəhd edən müxalifət meylli insanların əməllərini birmənalı pisləyərək, ölkəmizin yenidən qardaş qırğını, vətəndaş müharibəsi həddinə gətirib çıxarılmasına qətiyyətlə yox deyiblər.
Ziyalı qadınlarımız Əkrəm Əylislinin “Daş yuxular” əsərinə də münasibət bildirərək, romanın vətənə, millətə xəyanətdən, satqınlıqdan və erməni sevgisindən doğduğunu vurğulamış və əsərin müəllifinin titullarından məhrum edilməsi ilə bağlı ölkə Prezidentinin sərəncamlarını alqışladıqlarını bəyan etmişlər.
Görüş iştirakçıları bu günlərdə Bakı Biznes Mərkəzində Dövlətimizin Başçısının sədrliyi ilə keçirilən “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının 4-cü ilinin yekunlarına həsr olunmuş konfransda möhtərəm Prezidentimizin bəzi dövlət məmurlarının və onların övladlarının qanunlarımıza, milli adət və ənənələrimizə zidd əməlləri ilə bağlı son dərəcə qətiyyətli və sərt çıxışını, nöqsanların aradan qaldırılması məqsədilə verdiyi konkret tapşırıqları bəyəndiklərini ifadə etmişlər.
Rayonun qadınları 2013-cü ildə Ulu Öndərin 90 illik yubiley tədbirlərində və bu il ölkəmizdə keçiriləcək növbəti Prezident seçkilərində yaxından iştirak edərək, yüksək siyasi iradə nümayiş etdirəcəklərini bildiriblər.
Görüşə yekun vuran Rayon İcra Hakimiyyətinin Başçısı cənab Lütvəli Babayev dəyərli fikir və təkliflərə görə qadınlara minnətdarlıq edib, onların arzu və təkliflərinin gələcəkdə nəzərə alınacağını qeyd edib.
 

Keçidlər