Zərdabda müəllimlərin sentyabr konfransı keçirilib
10 sentyabr 2018-ci il tarixdə Zərdabda müəllimlərin sentyabr konfransı keçirilib. Konfransda çıxış edən Rayon Təhsil Şöbəsinin müdiri Lalə Əmrəliyeva son illərdə ümumtəhsil məktəblərinin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, hazırda Zərdabda 44 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Bu məktəblərdə 7 min nəfərə yaxın şagird təhsil alır və onların təlim-tərbiyəsi ilə 1000 nəfərədək pedaqoji işçi məşğul olur. Bu il Alıcanlı və Burunlu kəndlərində modul tipli ümumi orta məktəb binaları istifadəyə verilib. Şəhər 1 nömrəli məktəb-liseyin binasında əsaslı təmir işləri yekunlaşmaqdadır. Bir kənd tam orta, bir kənd və bir şəhər ümumi orta və 2 kənd ibtidai məktəblər üçün modul tipli təhsil ocaqlarının qurulmasına hazırlıq işləri aparılır. Zərdab rayonunda 2018-ci ildə 193 nəfər tələbə adını qazanıb. 10 il bundan əvvəl bu göstərici cəmi 49 nəfər olub. Builki məzunların 11 nəfəri qəbul imtahanlarında 600-dən çox bal toplayıb. Konfransda Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev və Təhsil Problemləri İnstitutunun direktor müavini Rəfiq Qəndilov ölkəmizdə həyata keçirilən təhsil islahatlarından, yeni dərs ilində qarşıda duran vəzifələrdən danışıblar. Rayonda təhsilin inkişafındakı səmərəli fəaliyyətlərinə görə bir qrup şəxslər Zərdab Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları ilə təltif ediliblər. Sonda konfransın qətnaməsi təsdiq edilib və cənab Prezident İlham Əliyevin ünvanına müraciət qəbul olunub.
© Materiallardan istifadə edərkən istinad olunmalıdır.