Zərdabda cari ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib
Zərdabda cari ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib. Cari ilin doqquz ayında rayon iqtisadiyyatının əsas sahələrində 93 milyon 596,1 min manatlıq məhsul istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19 milyon 357 min manat və ya 26,1 faiz çoxdur. İstehsal olunan məhsulun 50 milyon 286 min manatı və ya 53,7 faizi bölgə iqtisadiyyatının aparıcı sahəsi olan aqrar sektorda əldə edilib. Rayon icra hakimiyyətinin başçısı cənab Lütvəli Babayevin məruzəsində, eləcə də çıxışlarda taxılçılıq, heyvandarlıq sahələrində əldə edilən nailiyyətlər konkret faktlarla diqqətə çatdırılıb, son illər, o cümlədən cari ilin doqquz ayında Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq ixracyönümlü məhsullar olan baramaçılığın və pambıqçılığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər, görülən işlər geniş təhlil edilib. Bildirilib ki, builki mövsümdə 1300 qutu (24700 qram) ipəkqurdu toxumundan 53 ton 880 kiloqram barama istehsal olunub. Beləliklə də artıq ikinci ildir ki, respublikada ən yüksək göstərici əldə edilib. Cari mövsümdə 3232 hektar sahədə pambıq yetişdirilib. İndiyədək 2779 ton xam pambıq tədarük olunub. Hazırda məhsul yığımı davam edir. Qeyd olunub ki, rayonun Çallı bələdiyyə ərazisində “P-Aqro” MMC-yə məxsus 4 min ton qəbul gücünə malik yeni pambıq qəbulu məntəqəsi tikilib. Mühüm strateji məhsul olan taxılçılıq sahəsində qazanılan uğurlar barədə də danışılıb. Bildirilib ki, builki mövsümdə 18 min 653 hektar sahədə 60 min 150 ton taxıl istehsal olunub. Bu, rayon tarixində ən yüksək göstərici olmaqla, keçən ildəkindən 1328 ton çoxdur. Kənd təsərrüfatının digər sahələrində, o cümlədən heyvandarlıq sahəsində də intensiv artıma nail olunub. Məruzə və çıxışlarda həyata keçirilən tikinti-quruculuq işlərindən, əhalinin elektrik enerjisi və təbii qazla normal təminatı istiqamətində həyata keçirilən layihələrdən, təhsil, səhiyyə, mədəniyyət sahələrində görülən işlərdən, habelə qarşıda duran konkret vəzifələrdən də danışılıb.
© Materiallardan istifadə edərkən istinad olunmalıdır