İcra başçısının Xanməmmədli kəndində səyyar qəbulu keçirildi
20 fevral 2013-cü il tarixdə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab L.B.Babayev rayonun Xanməmmədli kəndində səyyar qəbul keçirmişdir. Lütvəli müəllim öncə dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda son illər görülən işlər, ölkəmizin iqtisadi qüdrətinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu barədə konkret faktlarla iştirakçıları məlumatlandırmışdır.
Rayon rəhbəri ölkə başçısının son il yarımda iki dəfə, o cümlədən 7 oktyabr 2012-ci il tarixdə Zərdaba səfər etməsini də xüsusi vurğulayaraq dövlətimizin başçısının diqqət və qayğısı sayəsində və regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramları çərçivəsində tikinti-quruculuq, əhalini narahat edən sosial problemlərin həlli sahəsində görülən genişmiqyaslı işlərdən danışmışdır.
İcra başçısı 2011-ci ilə nisbətən 2012-ci ildə vətəndaşlar tərəfindən daxil olan müraciətlərin sayının 251 ədəd azalmasını əhali tərəfindən qaldırılan məsələlərin uğurla həll olunmasının məntiqi nəticəsi kimi dəyərləndirmişdir. Həyata keçirilən tədbirlərin Xanməmmədli kəndindən də yan keçmədiyi vurğulanmışdır.
Səyyar qəbulda iştirak edən kənd sakinləri şəhid atası Əlağa Qocayev, Hacı Səmid Cavadov, tibb işçisi Nigar Quliyeva və digərləri çıxış edərək kənd yolunun əsaslı təmirinə, uzun illərdən sonra kənddə müasir tipli məktəb binasının tikintisinə, kəndə qaz xəttinin çəkilişinin artıq başa çatdırılmasına görə ölkə Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
Səyyar qəbulun iştirakçıları arzu və təkliflərini də ifadə edərək inzibati ərazidəki ümumi orta məktəbin tam orta məktəbə çevrilməsinə, kənddə modul tipli su qurğusunun tikilməsinə, kənddaxili su kanallarının lildən təmizlənməsinə köməklik göstərilməsini müvafiq strukturlardan xahiş etmişlər.