Zərdab məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyasına qoşulublar
Zərdab rayonunun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərindən ibarət 40 nəfərlik qrup “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən növbəti maarifləndirici tur-aksiya çərçivəsində noyabrın 14-də Qəbələyə yola salınıblar.
Məktəblilərin Qəbələ-Şəki-Zaqatalaya yola salınması təntənəli mərasimlə qeyd olunub. İştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə çiçəklər düzüblər.
Mərasimdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Ramo Hacıyev, Təhsil Şöbəsinin müdiri Lalə Əmirəliyeva və başqaları uşaqlara uğurlu yol arzulayıblar. Vurğulanıb ki, ulu öndər Heydər Əliyev gələcəyimiz olan uşaqlara daim diqqət və qayğı göstərib. Bu qayğı hazırda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən davam etdirilir. Dövlətimizin başçısının tapşırığına əsasən keçirilən maarifləndirici tur-aksiyalar məhz bunun bariz nümunəsidir.
Yolasalma mərasimində çıxış edənlər tur-aksiya iştirakçılarına bölgələrin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, gündən-günə abadlaşan rayonlarımızın yeniləşən siması barədə hərtərəfli bilgilər əldə etmələri üçün lazımi tövsiyələr veriblər.
Sonda məktəblilər onlar üçün ayrılan avtobusa minərək yola düşüblər.
© Materiallardan istifadə edərkən istinad olunmalıdır