Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda 2018-ci ilin yekunları müzakirə olundu

12 fevral 2019 | 16:00

12 fevral 2019-cu il tarixdə Zərdab rayonunda 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib. Yığıncaqda rayonda görülən işlər, habelə konkret vəzifələr geniş müzakirə olunub.
Məsələ ilə əlaqədar Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayevin hesabat məruzəsi dinlənilib, müzakirələr aparılıb. Vurğulanıb ki, hesabat ilində rayon iqtisadiyyatının əsas sahələrində 131 milyon 161 min  manatlıq məhsul istehsal edilib. Bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 22 milyon  816 min manat və ya 21,1 faiz çoxdur. Ümumi məhsul istehsalında kənd təsərrüfatının payı 52,3 faiz olub.
Keçən il mühüm strateji məhsul olan taxılçılıqda uğurlu nəticələr qazanılıb. Belə ki, hər hektardan 32,2 sentner olmaqla 60150 ton taxıl istehsal edilib ki, bu da əvvəlki ildən 1328 ton çoxdur. Hesabat ilində 3232 hektar sahədən 5 min tona yaxın pambıq tədarük olunub ki, bu da 2017-ci ildəkindən 800 ton çoxdur.
2018-ci ildə 1300 qutu (24700 qram) barama qurdu qəbul edilərək normal bəsləmə aparılıb, nəticədə 53 ton 880 kq barama tədarük edilərək respublikada artıq ikinci dəfə ən yüksək göstəriciyə nail olunub. Rayon üzrə proqnoz tapşırığa 103,6 faiz əməl edilib. 2 min nəfərdən çox rayon sakini bu sahədə mövsümi işlə təmin olunub.
Çəltik, şəkər çuğunduru, kartof, günəbaxan, bostan-tərəvəz məhsulları istehsalı da artıb. Aqrar sektorun aparıcı sahələrindən olan heyvandarlıqda da nəticələr uğurludur.
Hesabat ilində rayonda tikinti-quraşdırma və abadlıq işləri, yol infrastrukturunun yaxşılaşdırılması, əhalinin sosial müdafiəsi, yaşayış məntəqələrinin elektrik enerjisi, təbii qazla normal təminatı ilə əlaqədar xeyli işlər görülüb. Təhsil, səhiyyə, mədəniyyət obyektlərinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə tədbirlər həyata keçirilib. İstər məruzədə, istərsə də çıxışlarda bu məsələlərlə bağlı qarşıda  mühüm vəzifələrin də olduğu diqqətə çatdırılıb.
Hesabat yığıncağında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sektor müdiri Əlibaba Əliyev iştirak və çıxış edib.
Ötən il rayonun sosial-iqtisadi inkişafında və ictimai həyatında fəal iştirak edən bir qrup şəxsə fəxri fərmanlar və xatirə hədiyyələri təqdim edilib.
Sonda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunub.

© Materiallardan istifadə edərkən istinad olunmalıdır.

Keçidlər