ZƏRDABDA XOCALI SOYQIRIMI YAD EDİLDİ
Xocalı soyqırımının ildönümü ilə əlaqədar Zərdab rayonunda silsilə tədbirlər keçirilib. Xocalı faciəsinin 21-ci ildönümü münasibətilə 26 fevral 2013-cü il tarixdə əmək kollektivlərinin nümayəndələri, fəallar, veteranlar, ağsaqqal və ziyalılar, yuxarı sinif şagirdləri Şəhidlərə Xatirə parkının qarşısına toplaşıblar. Hüznlü musiqi sədaları altında Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev və hüquq mühafizə orqanlarının rəhbərləri Xocalı soyqırımına həsr olunmuş rəsmlərə və divar qəzetlərinə baxıblar. Rayon rəhbərliyi parkı ziyarət edərək Azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksinin önünə gül dəstələri qoyublar.
Xocalı faciəsinin 21-ci ildönümü ilə bağlı anım mərasiminin rəsmi hissəsində Rayon İcra Hakimiyyəti başçısı cənab Lütvəli Babayev geniş nitq söyləyib. Sonra Xocalı faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş olunub. Daha sonra rayonun əmək kollektivləri və ictimaiyyət nümayəndələri tərəfindən Azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksinin önünə gül-çiçək dəstələri qoyulub.
Rayonun bütün məscidlərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə dini mərasimlər keçirilib, dualar oxunub.
Saat 17:00-da Zərdab rayonunun hər yerində 1 dəqiqəlik sükut elan edilərək, gəmi və avtomobillər vasitəsilə səs siqnalları veriləcəkdir.