Zərdab şəhərində yeni tikilmiş heyvan kəsimi məntəqəsi istifadəyə verilib
Azərbaycan Respublikası Prezidentinin “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” 11 iyun 2018-ci il tarixli sərəncamının icrasını təmin etmək məqsədilə Zərdab Rayon İcra Hakimiyyəti tərəfindən müəyyən tədbirlər görülmüş, bu sahə ilə məşğul olan sahibkarlar arasında zəruri maarifləndirmə tədbirləri həyata keçirilmişdir. Sahibkarlar arasında aparılmış maarifləndirmə tədbirləri nəticəsində rayon ərazisində müasir tələblərə uyğun heyvan kəsimi məntəqəsinin tikintisinə başlanılmış və bu tikinti qısa müddətdə başa çatmışdır. Smeta dəyəri 75 min manat olan heyvan kəsimi məntəqəsi baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə tam cavab verir. Məntəqə sahəsi 108 kvadratmetr olan heyvan kəsimi otağından, 24 kvadratmetr olan laboratoriyadan, hər birinin sahəsi 14,4 kvadratmetr olan 6 ədəd ət satışı otaqlarından ibarətdir. Məntəqə fasiləsiz su ilə təmin edilmiş, ərazidə 40 kubmetrlik yeraltı çirkab quyusu tikilmişdir. Sanitar qaydalara uyğun olaraq çirkab sularının dezinfeksiya olunması və daşınması nəzərdə tutulmuş, laboratoriya ən müasir aparat və avadanlıqlarla təmin edilmişdir.
Heyvan kəsimi məntəqəsinin açılışında iştirak edən Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev bildirmişdir ki, ölkə Prezidentinin müvafiq sərəncamının icrası nəticəsində heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması, qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması, istehlakçıların hüquqlarının müdafiəsi kimi məsələlər daim diqqət mərkəzində olacaqdır. Ət və ət məhsulları sahəsində vətəndaşların və heyvan satışı ilə məşğul olan müəssisələrin tələbatını ödəmək üçün kəsim məntəqəsi fəaliyyətini daha səmərəli və şəffaf şəkildə həyata keçirəcəkdir.
Tədbirdə çıxış edənlər göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
Sonda heyvan kəsimi məntəqəsinin rəmzi açılışını bildirən qırmızı lent kəsilmiş və məntəqədə yaradılmış şəraitlə tanışlıq olmuşdur.
© Materiallardan istifadə edərkən istinad olunmalıdır.