Zərdabda 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan olunması ilə bağlı yığıncaq keçirilib
2013-cü ilin Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan olunması ilə bağlı 01 mart 2013-cü il tarixdə Zərdab Rayon Gənclər Mərkəzində yığıncaq keçirilib.
Yığıncaqda çıxış edən Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Allahverdi Səfərov ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan olunmasını yüksək dəyərləndirərək, bunu son illərdə digər bütün sahələrdə olduğu kimi İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı sahəsində də respublikamızda qazanılan uğurların məntiqi nəticəsi hesab edib. Natiq son illərdə ölkəmizdə rabitə və informasiya texnologiyalarının tətbiqi sahəsində əldə olunan nailiyyətlərdən konkret faktlarla söhbət açaraq Azərbaycanın ilk milli kosmik peykinin orbitə buraxılmasını ölkəmizin və dövlətimizin başçısının növbəti siyasi qələbəsi olduğunu qeyd etmişdir.
O, Zərdab rayonunda da son illərdə rabitə və telekommunikasiya sahəsində həyata keçirilən tədbirlərdən danışmış və bu işlərin bu gün də uğurla davam etdiyini vurğulamışdır.
Yığıncaq iştirakçıları Zərdab Rayon Təhsil Şöbəsinin müdiri, filologiya elmləri doktoru Baba Babayev, Gəlmə kənd tam orta məktəbinin direktoru Gülağa İsgəndərov, Gigiyena və Epidemiologiya Mərkəzinin işçisi Abduləziz Xəlilov və digərləri çıxış edərək son illər respublikamızda, o cümlədən rayonumuzda yeni texnologiyaların tətbiqi sahəsində görülən işləri yüksək qiymətləndirmişlər.
Sonda yığıncaq iştirakçıları ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda 2013-cü ilin Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsinə həsr olunmuş stendlə tanış olmuşlar.