ZƏRDABDA MÜLKİ MÜDAFİƏ GÜNÜ QEYD EDİLDİ
1 Mart tarixi bütün dünyada olduğu kimi Azərbaycanda da Mülki Müdafiə Günü kimi qeyd olunur. 1 Mart Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı Zərdab rayon 1 saylı məktəb-liseydə şəhər 2 saylı və 3 saylı tam orta məktəblərinin iştirakı ilə maarifləndirmə xarakterli tədbir keçirilib.
Tədbir iştirakçıları lisey şagirdlərinə məlumat verib ki, Ümumdünya Mülki Müdafiə Günü 1 mart 1972-ci ildə Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaradılması şərəfinə qeyd edilən xüsusi bir gündür. Zərdab şəhər 1 saylı məktəb-liseyin, Zərdab rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının, Qızıl Aypara Cəmiyyəti və Zərdab Rayon Təhsil şöbəsinin əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə şagirdlər öz bacarıqlarını da nümayiş etdirib.
Şagirdlər tərəfindən şərti olaraq zəlzələ baş vermiş ərazidən yaralılar təxliyə edilib, onlara çadırda ilkin tibbi yardım göstərilib. Sonra isə yaralılar təcili yardım maşınları ilə xəstəxanaya aparılıb. Şagirdlər əleyhqazdan və digər bu kimi geyimlərdən istifadə etməyin vacibliyindən danışıblar.
Ümumiyyətlə, mülkiyyət formasından asılı olmayaraq, bütün obyektlərdə mülki müdafiə planları icra başçısı tərəfindən təsdiq edilir. Plan əsasında vaxtaşırı tədbirlər aparılır. Xatırladaq ki, hər il Mülki Müdafiə Günü bütün qitələrdə kütləvi humanitar tədbir kimi qeyd olunur. Azərbaycan bu nüfuzlu beynəlxalq təşkilatın tərkibinə 1993-cü ildə daxil olub.