İlk Novruz şənliklərinə Zərdab rayonunda başlanılıb
İlk Novruz şənliklərinə su və od çərşənbələri ərəfəsində Azərbaycan Televiziya və Radio Verilişləri QSC ilə Rayon İcra Hakimiyyətinin birgə keçirdikləri möhtəşəm tədbirlərlə Zərdab rayonunda start verilmişdir.
Öncə milli geyimli yüzlərlə oğlan və qız, idmançılar, atlılar, ictimaiyyətin, gənclərin nümayəndələri və ozan, kosa, keçəl Novruzsayağı bəzənmiş faytonda zurna sədaları altında Zərdab şəhərinin girişində tikilmiş əzəmətli giriş qapısından rayona daxil olmuşlar.
Sonra onlar Bayraq meydanında yığışaraq şəhər mərkəzindəki ümumi ərazisi 5 hektara qədər olan Heydər Əliyev parkında ümumrayon Novruz şənliyini qeyd etməyə toplaşan minlərlə rayon sakininə qoşulmuşlar.
Ozan haray çəkərək insanları Novruzun gəlişi, ilk çərşənbələr münasibətilə təbrik etmiş və tonqallar yandırılmışdır.
Milli geyimli oğlan və qızlar tonqalın ətrafında yallı ifa etmişlər.
Tədbirə toplaşanlar rayonun 42 yaşayış məntəqəsindən Heydər Əliyev parkında təşkil olunan milli-mənəvi dəyərlərimizi özündə əks etdirən qədim sənət nümunələri, sacda balıq bişirilməsi, plov, yarpaq dolması, kətə və digər onlarla milli xörəklərimizin bişirilməsi, dibəkdə dən döyülməsi, xalça toxunması, təknədən balın kəsilməsi ilə tanış olmuşlar. Milli oyunların, o cümlədən bənövşə, kəndirdartma, qolgücü, dirədöymə nümayişi olmuşdur.
Kəndirbazların çıxışları Novruz şənliyinin iştirakçıları tərəfindən yüksək alqışlarla qarşılanmışdır.
Karate, taekvondo, sərbəst güləş, şahmat və digər növlər üzrə idmançılar, Rayon Mədəniyyət və Turizm Şöbəsinin milli geyimli rəqs qrupu, Zərdab Uşaq İncəsənət Məktəbinin xor kollektivi xüsusi hazırlanmış proqramla iştirakçılar qarşısında geniş çıxış etmişlər.
99 yaşlı Nərgiz xalanın 200 il bundan əvvəl nənəsindən qalmış qədimi samovarda hazırladığı çay onu içənlərə xüsusi ləzzət etmişdir.
Azərbaycan Televiziyasının solistləri Gülyaz Məmmədova, Zabitə Alıyeva, Kamilə Nəbiyeva, İlahə Əfəndiyeva, Səbinə Ərəbli, Zeynəb Quliyeva, Ramil Qasımov, Məmməd Nəcəfov, Günay İmamverdiyeva, Mirələm Mirələmov, xalq artisti professor Ramiz Quliyev və digərlərinin yüksək səviyyəli ifaları bayram əhval-ruhiyyəsində olan zərdablılara daha xoş ovqat bəxş etmişdir.
Novruz şənlikləri Kür çayı sahilində və bayramsayağı bəzədilmiş gəmidə davam etdirilmişdir. Novruz mərasiminin keçirildiyi ərazilərin Novruz ruhlu tərtibatı, tədbir yerlərin düzülmüş 5 mindən çox səməni, Heydər Əliyev parkındakı fontanlar, şəlalə, minlərlə çiçək və güllərdən hazırlanmış butalar da iştirakçıların ruhunu oxşamışdır.
Bu möhtəşəm tədbiri lentə alan AzTV, Xəzər TV, ATV, Space və digər çoxsaylı televiziya kanallarına müsahibə verən Zərdab ictimaiyyətinin nümayəndələri milli-mənəvi dəyərlərimizin qorunmasının, vaxtı ilə qeyd edilməsi insanlara yasaq olunan milli bayramlarımızın, adət və ənənələrimizin ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə dövlət səviyyəsində bayram edilməsinin bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinə görə dövlətimizin başçısına minnətdarlıq etmişlər.