Zərdab rayonunda çağırışçı gənclərin bir qrupu hərbi xidmətə yola salınıb
“Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin Sərəncamına əsasən həqiqi hərbi xidmətə çağırış davam edir. Təntənəli yolasalma mərasimlərində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yerli strukturlarının şəxsi heyəti, rayon icra hakimiyyətlərinin, idarə və təşkilatların, eləcə də hüquq-mühafizə orqanlarının əməkdaşları, təhsil işçiləri, ziyalılar, ağsaqqallar, Qarabağ müharibəsi veteranları, valideynlər, ictimaiyyətin, kütləvi informasiya vasitələrinin nümayəndələri, mədəniyyət və incəsənət xadimləri iştirak edirlər.
İyulun 5-də Zərdab rayonunda keçirilən çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimində çıxış edən rayon icra hakimiyyətinin başçısı cənab Lütvəli Babayev Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin tarixi xidmətlərindən və Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu sahəsində həyata keçirdiyi islahatlardan söz açıb.
SHXÇDX-nin Zərdab rayon bölməsinin rəisi, polkovnik-leytenant Asif Əhədov hərbi xidmətə yola salınan gəncləri təbrik edib. Bildirib ki, Azərbaycan əsgərinin döyüş qabiliyyəti, vətənpərvərlik ruhu çox yüksəkdir. Bu gün zərdablı gənclərin də həyatında əlamətdar gündür. Onlar həqiqi hərbi xidmətə yola düşürlər. O, çağırışçılara nümunəvi xidməti etməyi, Azərbaycan əsgəri adını şərəflə daşımağı arzulayıb.
Silahlı Qüvvələrdən ehtiyata buraxılmış İbrahim Nemanoğlunun çıxışı mərasim iştirakçıları tərəfindən maraqla qarşılanıb. O, əsgər kimi hərbi xidmət zamanı qazandığı təcrübəni çağırışçılarla bölüşərək onlara dəyanətli, əzmkar olmalarını, komandirlərin əmr və tapşırıqlarını vaxtında və dəqiq yerinə yetirmələrini, hərbin sirlərini mükəmməl öyrənməyi tövsiyə edib. İ.Nemanoğlu ehtiyata buraxılsa da, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşməyə hər an hazır olduğunu bildirib.
Müharibə veteranları və valideynlər çıxışlarında Vətəni qorumaq kimi müqəddəs borcun yerinə yetirilməsində gənclərə uğurlar diləyib, onların nümunəvi hərbi xidmət keçəcəklərinə dərin inam ifadə ediblər.