Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanda ilk dəfə Zərdabda yay baramasının təhvilinə başlanılması ilə əlaqədar tədbir keçirilib

26 iyul 2019 | 16:00

26 iyul 2019-cu il tarixdə Zərdab rayonunda yay baramasının təhvilinə başlanılması ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə rayon rəhbərliyi, Kənd Təsərrüfatı Nazirliyinin məsul işçiləri, mütəxəssislər, kümçülər, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə Zərdab Rayon icra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev açmışdır. Bildirilmişdir ki, Respublika Prezidentinin 2017-ci ilin 27 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üzrə Dövlət Proqramı”nın icrası istiqamətində rayonda həyata keçirilən tədbirlər nəticəsində baramaçılıq sahəsində yüksək nəticələr əldə edilmişdir. 2016-cı ildə 5710 kq barama tədarük olunduğu halda 2019-cu ildə bu göstərici 11,4 dəfə artaraq 65 ton 321 kq-a çatmış, 4 minə yaxın əhali mövsümü işlə təmin edilmişdir. Barama tədarükü sahəsində son üç ildə Zərdab rayonu respublika üzrə ən yüksək göstəricilərə nail olmuşdur. Müvafiq dövlət proqramının icrasının təmin olunması istiqamətində Zərdab rayonunda innovativ tədbirlərin həyata keçirilməsinə, o cümlədən “Zərdab baramaçıları” Asossiasiyasının yaradılması istiqamətində işlərə başlanılmış, baramaçılığın və ipəkçiliyin inkişafı üçün geniş infrastruktur tədbirlərin həyata keçirilməsi rayonda aqrar klasterin təşkilini aktuallaşdırmışdır. Rayon ərazisində mövcud yem bazasını və kümçülərin bu sahəyə olan marağını nəzərə alaraq Rayon İcra Hakimiyyəti başçısının təşəbbüsü ilə Çin Xalq Respublikasından həmin ölkənin mütəxəssislərinin nəzarəti ilə 300 qutu barama qurdu gətirilərək Qax Damazlıq Stansiyasında inkubasiya olunmuş, 26.06.2019-cu il tarixdə rayona gətirilmişdir. Çin Xalq Respublikasından gəlmiş mütəxəssislər və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsinin iştirakı ilə rayon icra hakimiyyətində “Yay mövsümündə barama qurdunun yemləməsinin xüsusiyyətləri” mövzusunda kümçülərlə görüş keçirilmiş, tədbirin sonunda onlara pulsuz olaraq 300 qutu barama qurdu paylanılmış, min nəfərdən çox qeyri-məşğul əhali mövsümi işlə təmin edilmişdir.
Azərbaycanda ilk dəfə olaraq yay mövsümündə barama qurdunun saxlanılması Zərdab rayonunda həyata keçirilmiş, qurdun saxlanma yerində 32-35 dərəcə temperatur olduqda belə bəzi kümçülərin ipəkqurdunun yay yemləməsi 22-ci gün başa çatmış və barama sarıma mərhələsi başlamışdır.
Mütəxəssislərin ilkin proqnozlarına görə ikinci mərhələdə rayon üzrə paylanılmış barama qurdundan 10 tondan çox məhsul istehsalı gözlənilir. 24 iyul 2019-cu il tarixdən yay baramasının təhvilinə başlanılmışdır. Təhvilin ilk iki günündə 1 tondan çox barama tədarük edilmişdir.
Kənd Təsərrüfatı Nazirliyinin heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Esmira Lətifova tədbirdə çıxış edərək kümçüləri yay baramasının təhvilinə başlamaları münasibətilə təbrik etmiş və baramaçılıq sahəsində qarşıda duran vəzifələrdən danışmışdır.
Tədbirdə çıxış edən kümçülər baramaçılığın inkişafı istiqamətində həyata keçirilən  tədbirlər və onlar üçün yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

© Materiallardan istifadə edərkən istinad olunmalıdır.

Keçidlər