Zərdabda Yerli Ekspert Komissiyasının iclası keçirilib
26 iyul 2019-cu il tarixdə Zərdab rayonu ərazisində üzərində hüquqların Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmamış yaşayış evlərinin və torpaq sahələrinin müəyyənləşdirilməsi məqsədilə yaradılmış Yerli Ekspert Komissiyasının iclası keçirilmişdir. İclasda Komissiyanın tərkibinə daxil olan müvafiq nazirliklərin, komitələrin, açıq səhmdar cəmiyyətlərin nümayəndələri, o cümlədən Kənd Təsərrüfatı Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Əmlak Məsələləri Dövlət Komitəsinin, SOCAR-ın, “Azərenerji” ASC-nin, “Azərişıq” ASC-nin, “Azərsu” ASC-nin nümayəndələri, Rayon İcra Hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndələri və bələdiyyə sədrləri iştirak etmişlər.
İclası giriş sözü ilə açan Komissiyanın sədri, Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Prezident Administrasiyası rəhbərinin “Azərbaycan Respublikasında bəzi torpaqlardan istifadənin səmərəliyinin artırılması tədbirləri haqqında” Sərəncamının icrasına dair Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyev 27 iyun 2019-cu il tarixli Tədbirlər Planı təsdiq etmişdir. Müvafiq tədbirlər Planına uyğun olaraq Yerli Ekspert Komissiyaları yaradılmışdır. İcra başçısı iştirakçıları gündəlikdə duran məsələlərlə tanış etmiş, komissiyanın qarşısında duran vəzifələrdən danışmışdır. Vurğulanmışdır ki, həm nazirliklərin, komitələrin, səhmdar cəmiyyətlərin Yerli Ekspert Komissiyasının üzvü olan nümayəndələri, həm də Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri və bələdiyyə sədrləri ciddi iş rejimində işləməli və qısa müddətdə nəzərdə tutulan işlərin başa çatdırılması təmin edilməlidir.
Komissiya üzvləri – Rayon İcra Hakimiyyəti Başçısı Aparatının memarlıq və tikinti şöbəsinin müdiri-baş memar Sahid Əhmədov, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar ərazi idarəsinin Zərdab rayon şöbəsinin müdiri Vəli Cavadlı və digərləri çıxış edərək rayon ərazisində üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış yaşayış evlərinin və torpaq sahələrinin müəyyən edilməsi, torpaq sahəsinin ayrılmasına (torpaq sahəsindən istifadəyə dair sərəncam, qərar, müqavilə, hüquq müəyyənedici sənəd və s.) və yaşayış evinin tikintisinə dair rəsmi sənədlərin mövcudluğunun müəyyənləşdirilməsi və müvafiq məlumatların toplanması, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən tərtib edilmiş forma üzrə siyahılarda əks etdirilməsi işlərinin Komissiya tərəfindən qanunamüvafiq qaydada həyata keçiriləcəyini bildirmişlər.
© Materiallardan istifadə edərkən istinad olunmalıdır.