Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab rayonunda “Barama bayramı” keçirilib

31 iyul 2019 | 16:00

31 iyul 2019-cu il tarixdə Zərdab rayonunda “Barama bayramı” keçirilmişdir. Bayram tədbirində rayon rəhbərliyi, əmək kollektivləri, kümçülər və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev iştirakçıları və bütün rayon əhalisini bayram münasibətilə təbrik etmişdir. Qeyd olunmuşdur ki, bu gün respublikamızın bütün bölgələri kimi Zərdab rayonu da möhtərəm Prezidentimizin diqqət və qayğısı sayəsində özünün əsl tərəqqi mərhələsini yaşayır. Son illərdə rayon iqtisadiyyatı 3,2 dəfə, əhalinin sayı 7 min nəfərdən çox, mənzillərin sayı 900 ədəd  artmışdır. 2018-ci ildə rayon iqtisadiyyatının əsas sahələrində 132 milyon 352 min manatlıq, 2019-cu ilin 6 ayında 79 milyon 193 min manatlıq məhsul və xidmətlər istehsal edilmişdir. 5 minə yaxın daimi iş yeri yaradılmışdır. Son illər ərzində rayon ərazisində tikinti, quruculuq və abadlıq işləri surətlə davam etdirilir. Rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı məhsullarının istehsalı təşkil edir. Cənab Prezidentimiz İlham Əliyevin kənd təsərrüfatının xüsusən pambıqçılığın, taxılçılığın və baramaçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıqların icrasını təmin etmək üçün rayonda xeyli iş görülmüşdür.  Cari ildə taxıl istehsalı keçən ilə nisbətən 1985 ton artaraq 62135 tona çatmış, adambaşına düşən taxılın miqdarı 1054 kq təşkil etmişdir ki, bu da rayonun tarixində ən yüksək göstəricidir. Pambıq tədarükü 2017-ci ilə nisbətən 1000 tona qədər artaraq 2018-ci ildə 5000 tona çatmışdır.
Ölkə başçısının 27 noyabr 2017-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üzrə Dövlət Proqramı”nın icrası istiqamətində rayonda həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində baramaçılıq sahəsində yüksək nailiyyətlər əldə edilmiş, 2016-cı ildə 5710 kq barama tədarük olunduğu halda 2019-cu ildə ilkin mərhələdə bu göstərici 11,4 dəfə artaraq 65 ton 321 kq-a çatdırılmış, 4 min nəfərə yaxın əhali mövsümü işlə təmin edilmişdir. Barama tədarükü sahəsində son üç ildə Zərdab rayonu respublikada yüksək nəticələrə nail olmaqla liderliyini qoruyur. Rayon ərazisində mövcud yem bazasını və kümçülərin bu sahəyə olan marağını nəzərə alaraq Çin Xalq Respublikasından həmin ölkənin mütəxəssislərinin nəzarəti ilə ikinci mərhələdə 300 qutu barama qurdu gətirilərək Qax Damazlıq Stansiyasında inkubasiya olunmuş, 26.06.2019-cu il tarixdə rayona gətirilmişdir. Çin Xalq Respublikasından gəlmiş mütəxəssislər və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsinin iştirakı ilə rayon icra hakimiyyətində “Yay mövsümündə barama qurdunun yemləməsinin xüsusiyyətləri” mövzusunda kümçülərlə görüş keçirilmiş, tədbirin sonunda onlara pulsuz olaraq 300 qutu barama qurdu paylanılmış, min nəfərdən çox qeyri-məşğul əhali mövsümi işlə təmin edilmişdir. Qurdun saxlanma yerində hətta 32-35 dərəcə temperatur olduqda belə bəzi kümçülərin ipəkqurdunun yay yemləməsi 22-ci gün başa çatmış və barama sarıma mərhələsi başlamışdır. 24 iyul 2019-cu il tarixdən rayon üzrə barama tədarükünə başlanılmış, bu günədək 6 tona yaxın yay baraması tədarük edilmişdir. Beləliklə 2019-cu il ərzində rayon üzrə yay baraması ilə birlikdə 71 tona yaxın barama tədarük edilmişdir.
Tədbirdə çıxış edən kümçülər baramaçılığın inkişafına göstərilən dövlət dəstəyinə və onlar üçün yaradılan şəraitə görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.
Rayon üzrə ən çox barama təhvil vermiş kümçülərə Rayon İcra Hakimiyyətinin qiymətli hədiyyələri təqdim edilmişdir. Tədbir konsert proqramı ilə davam etmişdir.

© Materiallardan istifadə edərkən istinad olunmalıdır.

Keçidlər