Şriftin ölçüsü :

Saytın rəngi :

ZƏRDABDA KOMPLEKS MÜLKİ MÜDAFİƏ TƏLİMİ KEÇİRİLDİ

06 aprel 2013 | 15:00

Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Mülki Müdafiə İdarəsi Zərdab rayonunda “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirib. Təlimə Zərdab Ra yon İcra Hakimiyyəti Başçısının Aparatı, Rayon Fövqəladə Hallar Komissiyası, Mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə qüvvə və vasitələri, təsərrüfat obyektləri cəlb olunub.
Kompleks təlimin keçirilməsində əsas məqsəd “Mülki müdafiə haqqında” Azərbaycan Respublikası Qanununun, “Mülki müdafiənin təmin edilməsi barədə” Nazirlər Kabinetinin müvafiq qərarının,  fövqəladə hallardan mühafizə və mülki müdafiə sahəsində normativ sənədlərin tələblərinə əməl olunmasını təmin etməkdən və mülki müdafiə idarəetmə orqanlarının, fövqəladə hallar üzrə komissiyaların fövqəladə hadisələr zamanı qarşıda duran vəzifələrin yerinə yetirilməsinə hazırlığının yoxlanılmasından ibarət olub. Eyni zamanda bu istiqamətdə işlərin daha da təkmilləşdirilməsi, xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsi zamanı praktik vərdişlərin aşılanması da hədəf seçilib.
Təlim zamanı rayonun mülki müdafiə qüvvələri şərti olaraq fövqəladə hal baş vermiş ərazinin mühafizəsi, sahəyə giriş-çıxışın məhdudlaşdırılması, baş vermiş yanğının söndürülməsi, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, obyektə kimyəvi kəşfiyyatın təşkili, axtarış-xilasetmə, zərərçəkmişlərə ilk həkim yardımının göstərilməsi, epidemiya və epizootiyaya qarşı mübarizə tədbirləri və adamların təhlükəsiz ərazilərə təxliyəsi işlərin aparılması ilə bağlı tapşırıqları yüksək səviyyədə yerinə yetiriblər. Təlim zamanı əsas diqqət həm də komandir-rəis heyətinin idarəetmə bacarıqlarının və mülki müdafiə dəstələrinin şəxsi heyətinin peşəkarlıq səviyyəsinin artırılmasına, xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması zamanı təhlükəsizik qaydalarına ciddi riayət olunmasına yönəldilib.
Təlimdə Zərdabın hərbiləşdirilməmiş dəstələrinin 200 nəfər şəxsi heyəti və 48 ədəd texnikası iştirak edib. Sonda Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev çıxış edərək mülki müdafiə dəstələri və xidmətlərinin qarşılıqlı fəaliyyətinin təşkil edilməsini və qarşıya qoyulmuş məqsədə nail olunmasını yüksək qiymətləndirib.

Keçidlər