ZƏRDABDA KONFRANS KEÇİRİLİB
Zərdab Rayon Heydər Əliyev Mərkəzində ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda konfrans keçirilib.
Tədbirdən öncə rayonun mədəniyyət işçiləri ulu öndərin heykəlini ziyarət ediblər.
Zərdab şəhər mədəniyyət evinin müdiri Elyurə Məmmədova ümummilli liderimizin vətən və xalq qarşısındakı tarixi xidmətlərindən faktlarla söz açıb. Məlumat verib ki, may ayının 10-a kimi mədəniyyət ocaqlarında müxtəlif müsabiqələr, yarışlar, sərgilər və konfranslar keçiriləcək.
Konfransda çıxış edən digər natiqlər bildiriblər ki, bütün şüurlu həyatını ölkəmizin inkişafına həsr edən görkəmli dövlət xadimi Heydər Əliyev istər sovetlər dönəmində, istərsə də müstəqil Azərbaycana rəhbərlik edərkən mədəniyyətimizin inkişafına, incəsənət xadimlərinə hər cür diqqət və qayğının göstərilməsinə xüsusi önəm verib. Milli düşüncəli şair və yazıçılarımızın sovet repressiya maşınından qorunmasında, Azərbaycançılıq məfkurəsinin formalaşmasında Heydər Əliyevin xidmətləri danılmazdır. Ulu öndərimiz müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə klassik mütəfəkkirlərimizin yubileylərini keçirməklə, mədəniyyətimizin inkişafına öz töhfəsini verib. Təsadüfi deyildir ki, bu gün xalq təsərrüfatının müxtəlif sahələrində uğurla çalışan mütəxəssislərin çoxu ulu öndərin təşəbbüsü və himayəsi altında xarici ölkələrdə ali təhsil alanlardır. Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik edərkən bütün ölkədə olduğu kimi Zərdabda da çoxsaylı mədəniyyət ocaqları, klublar, kitabxanalar istifadəyə verilib.
Konfransda “Milli mədəniyyətimizin uğurları ulu öndərin adı ilə bağlıdır”, “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” və digər mövzularda məruzələr oxunub.