Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon sakinlərinin dia.az saytında dərc edilmiş müraciətinə dair Zərdab RİH-nin açıqlaması

08 may 2020 | 16:00

06.05.2020-ci il tarixdə "dia.az" saytında dərc olunmuş məqaləyə əsasən bildiririk ki, Mərdan Camalzadə Zərdab rayonuna başçı təyin olunduqdan dərhal sonra İcra Hakimiyyətinin kollektivi, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, təhsil, səhiyyə, mədəniyyət şöbələrinin rəhbərləri ilə toplantı keçirərək cənab Prezidentin tapşırığına uyğun olaraq rayon ərazisində neqativ halların aradan qaldırılması ilə bağlı tapşırıqlar vermiş, hər kəsin çalışdığı sahədə işlərini cənab Prezidentin tələbləri səviyyəsində qurmasına göstəriş vermişdir. 6 aydır ki, M.Camalzadə Zərdab rayonuna başçı təyin edilmişdir. Bu müddətdə yuxarıda adları göstərilən təşkilat və müəssisə rəhbərləri ilə bu mövzuda 3 dəfə video-konfrans formatında görüş keçirib. Bütün vəzifəli şəxslərə fəaliyyətlərində şəffaflığın təmin edilməsi tapşırılıb.
Qısa müddət ərzində Zərdab şəhərində aparılan abadlıq işləri və aztəminatlı ailələrə edilən ərzaq yardımları ilə görülən işlər göz önündədir. Zərdab rayonunda “Zərdabi” parkı əsaslı şəkildə yenidən qurulmuş, şəhərin bütün küçələri işıqlandırılmış və şəhərdaxili küçələr yeni asfalt örtüyü ilə yenilənmişdir. Zərdab şəhəri əsaslı şəkildə abadlaşdırılmış və hazırda abadlıq işləri davam etdirilir.
Zərdab rayonunda karantin dövründə və Ramazan ayının başlanma ərəfəsində icra başçısı Mərdan Camalzadənin təşəbbüsü ilə 500 nəfər Qarabağ əlilərinə, şəhid ailələrinə və imkansız ailələrə ərzaq yardımları göndərilmişdir. "dia.az" saytında Zərdab rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə barədə yayılan məlumatlar böhtan xarakterli olmaqla heç bir hüquqi əsasa malik deyil. Saytın rəhbərliyinə bildirilmişdir ki, bundan sonra anonim vətəndaşlar adından həqiqətə uyğun olmayan şər-böhtan xarakterli məlumatlara görə sayt haqqında məhkəmədə iddia qaldırılacaqdır.

Keçidlər