8 Mart - Qadınlar Günü münasibətilə tədbir keçirilib
6 mart 2024-cü il tarixdə Zərdab şəhəri “L&M Palace” şadlıq sarayında Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadənin, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Milli Məclisin Ailə, Qadın və Uşaq məsələləri komitəsinin sədr müavini, elmlər doktoru, professor Jalə xanım Əliyevanın, YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyevin, şəhid ailələrinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin, rayonun ictimai həyatında fəal iştirak edən və səmərəli əmək fəaliyətinə görə fərqlənən qadınların, gənclərin iştirakı ilə tədbir keçirilib.
Tədbir torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükütla yad edilməsindən sonra açıq elan edilib. Giriş nitqi ilə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyevin qadın şəxsiyyətinə böyük hörmətlə yanaşdığını, Ulu Öndərin ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdığını, onların hərtərəfli fəaliyyətinə geniş meydan verildiyini diqqətə çatdıraraq, bu siyasətin cənab Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzunun daha da artdığını, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlərin həyata keçirildiyini bildirib.
Tədbirdə çıxış edən millət vəkili Jalə xanım Əliyeva müstəqil Azərbaycanın qazandığı bütün uğurlarında qadınların xidmətlərinin əvəzsiz olduğunu, Azərbaycan qadınının milli və mənəvi dəyərlərin təminatçısı kimi çıxış etdiyini, qadınların çalışdıqları hər sahədə uğur qazanmaları, şəxsi həyatla ictimai fəaliyyətlərini tam uyğunlaşdırmaları üçün ölkəmizdə hər bir şəraitin yaradıldığını, dövlətimiz tərəfindən qadınlara xüsusi diqqət və qayğı göstərildiyini, onların əməyinin mütəmadi olaraq yüksək qiymətləndirildiyini vurğulayıb.
Tədbir Azərbaycan Respublikasının əməkdar artist, tanınmış müğənni İlkin Əhmədovun konsert proqramı ilə davam edib.
Sonda şəhid analarına və rayonun bir qrup fəal qadınlarına Rayon İcra Hakimiyyətinin xatirə hədiyyələri təqdim olunub.