8 noyabr - Zəfər günü qeyd olunub
08 noyabr 2024 | 14:01
Həsən Bəy Zərdabi parkında təşkil olunan bayram tədbirində Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, millət vəkili Jalə Əliyeva, YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi əlilləri və iştirakçıları, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Məktəblilərin və gənc rəssamların əl işlərindən və rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib. Tədbirdə çıxış edən Zərdab rayon icra hakimiyyətinin başçısı Mərdan Camalzadə 44 günlük Vətən müharibəsi, müharibədən keçən 4 il ərzində, həm də ötən ilin sentyabr ayında keçirilmiş antiterror tədbirləri haqqında məlumat vermiş, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun müharibədə möhtəşəm qələbə qazanaraq, dünya hərb tarixinə yeni şanlı səhifələr yazdığını diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, Vətən müharibəsində böyük, tarixi qələbənin qazanılmasına Zərdab rayonu da öz töhfəsini vermişdir. Respublika Prezidentinin sərəncamı ilə Vətən müharibəsində qəhrəmanlıq və şücaət göstərmiş yüzlərlə zərdablı Azərbaycan Respublikasının müxtəlif orden və medalları ilə təltif edilmişlər.
Tədbirdə çıxış edən millət vəkili Jalə Əliyeva qeyd edib ki, məhz Müzəffər Ali Baş Komandanın rəhbərliyi, sınmaz iradəsi və rəşadətli Azərbaycan Ordusunun yenilməzliyi, şücaəti sayəsində müqəddəs torpaqlarımız düşmən işğalından azad olundu, 30 illik yurd həsrətinə son qoyuldu. Millət vəkili çıxışında noyabr ayının 8-ni qürur günümüz kimi tarixə yazan qəhrəman övladlarımıza əbədi təşəkkür borcumuzun olduğunu bildirib. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda görülən işlərdən, dövlətin həyata keçirdiyi siyasətin əhəmiyyətindən və xalqın dəstəyinin vacibliyindən danışıb, gəncləri bu qələbənin nəticələrini qorumağa və ölkəmizin gələcəyinə töhfə verməyə çağırıb.
Tədbirdə respublikamızın tanınmış incəsənət ustalarının və yerli musiqi kollektivlərinin iştirakı ilə konsert proqramı təqdim olunub.
Axşam saatlarında 8 noyabr – Zəfər günü münasibətilə atəşfəşanlıq təşkil ediləcəkdir.