Şriftin ölçüsü :

Saytın rəngi :

ZƏRDABDA İCTİMAİ DİNLƏMƏ KEÇİRİLDİ

26 aprel 2013 | 15:00

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova ölkə Prezidentinin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası, təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi, həmçinin seçki hüququ ilə bağlı əhalinin maarifləndirilməsi məqsədilə Zərdab rayonunda ictimai dinləmə keçirib. İctimai dinləmədə rayon icra hakimiyyəti, yerli icra və bələdiyyələrin, məhkəmənin, prokurorluq və daxili işlər orqanlarının, seçki komissiyalarının, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Öncə iştirakçılar Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyub, 2012-ci ilin oktyabrında ölkə Prezidentinin iştirakı ilə istifadəyə verilmiş Heydər Əliyev Mərkəzi ilə tanış olublar.
Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev tədbiri açaraq, Ombudsmanı və digər qonaqları salamlamış və bu ictimai dinləmənin əhəmiyyətini qeyd edib. O, dövlətimizin başçısı cənab İlham Əliyevin dəstək və qayğısı nəticəsində, Regionların sosial-iqtisadi inkişafı Proqramına müvafiq olaraq, respublikamızda, o cümlədən Zərdabda sosial-iqtisadi inkişaf siyasətinin uğurla həyata keçirildiyini, əhalinin rifah halının yaxşılaşdığını və bu sahədə işlərin davam etdirildiyini bildirib.
Qeyd olunub ki, rayonda son illər bir sıra tədbirlər həyata keçirilmiş, tikinti və abadlıq işləri yerinə yetirilib. Belə ki, Dövlət Proqramları, daxili imkanlar və digər mənbələr hesabına son 5 ildə rayonda genişmiqyaslı tikinti-quruculuq işləri aparılıb, insanları narahat edən sosial problemlərin həlli istiqamətində qətiyyətli addımlar atılıb. İnsanların onilliklər boyunca arzusunda olduğu Zərdab-Mollakənd yoluna yeni asfalt örtük vurulub. 10 min nəfər əhalini birləşdirən Zərdab-Yuxarı Seyidlər-Siləyli avtomobil yolunun 11 kilometrə qədəri ölkə Prezidentinin müvafiq sərəncamı ilə ayrılmış 5,4 milyon manat hesabına keçən il asfaltlaşdırılıb. Hazırda yolun qalan hissəsinin asfaltlaşdırılması istiqamətində işlər sürətlə davam etdirilir.
Şəhər mərkəzində inşa olunan Heydər Əliyev Mərkəzi, YAP rayon təşkilatının binası, Gənclər Mərkəzi, Veteranlar evi, Yaradıcılıq evi, Uşaq və Ailələrə Dəstək Mərkəzinin binaları Ulu Öndərin adını daşıyan 4,5 hektarlıq ərazisi olan parka xüsusi gözəllik gətirir. Əhalinin Sosial Müdafiəsi Mərkəzinin binası, Prokurorluğun binası, Bayraq meydanı, Türkiyə Respublikasında istehsal olunmuş möhtəşəm giriş qapısı, yeni elektrik dirəkləri, kommunal binaların dam örtüyünün təzələnməsi, küçələrə və dalanlara yeni asfalt örtük vurulması, nümunəvi məhəllələr və digər çoxsaylı işlər insanlar tərəfindən ölkə Prezidentinə dərin minnətdarlıq hissi ilə qarşılanır.
Dövlət Başçısının rayona səfərindən sonra verdiyi tapşırığa əsasən hazırda şəhər mərkəzini və 16 kəndi birləşdirən, Ağsu rayonundan 72 kilometrlik məsafədən çəkilən təmiz içməli su xətti, yeni tikilən kanalizasiya xətti, kəndlərin qazlaşdırılması insanlarda ruh yüksəkliyinə səbəb olmaqla, onların qurub-yaratmaq əzmini xeyli artırıb. Son 30 ilə yaxın müddətdə cəmi 3 məktəbin tikildiyi Zərdab rayonunda son 5 ildə 13 məktəb tikilmiş və hazırda 3 məktəb tikilir. Məktəb tikintilərinə görə zərdablılar ölkənin birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevaya minnətdardırlar.
2010-cu ilin təbii fəlakətindən ziyan çəkən ailələr üçün yeni qəsəbə salınıb. Qəsəbədə məktəb binası inşa olunub, qəsəbəyə qaz xətti çəkilib. Kür çayı sahilində yüksək səviyyədə bəndbərkitmə işləri görülür.
Rayondakı inkişaf kəndlərdən də yan keçməyib. Tikilən məktəblər hamısı kənd məktəbləridir. 17 kənddə modul tipli təmiz içməli su qurğuları quraşdırılıb. Hazırda 20 min nəfərdən çox kənd əhalisi ekoloji cəhətdən təmiz içməli sudan istifadə edir. Yeni poçt binaları, sahibkarlıq obyektləri, Qarabağ əlilləri üçün tikilən fərdi yaşayış evləri kəndlərin sosial simasını xeyli yaxşılaşdırıb. Həyata keçirilən tədbirləri saymaqla qurtaran deyil. Son 5 ildə Zərdabda 300-ə qədər yeni obyekt tikilib, yenidən qurulub və ya əsaslı təmir olunub.
Hazırda süd məhsulları istehsal edən zavod, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin rayon aqroservis filialı üçün inzibati bina, taxıl və gübrə anbarı, Baytarlıq İdarəsinin binası istifadəyə hazırdır. Rayon Polis Şöbəsi üçün yeni inzibati binada son tamamlama işləri görülür. Suvarma Sistemləri İdarəsində regional mərkəzin, su birlikləri üçün binaların tikintisi davam etdirilir. Rayon ərazisində salınacaq hərbi şəhərcik isə rayon üçün xüsusi əhəmiyyətə malik olacaqdır.
Məruzəçi həmçinin Zərdab Rayon İcra Hakimiyyəti tərəfindən rayonda insan hüquqlarının təmini və Milli Fəaliyyət Proqramının icrası sahəsində görülən işlərlə bağlı ətraflı məlumat verib, bu sənədlə bağlı müvafiq Tədbirlər planının qəbul olunduğunu söyləyib, vətəndaşların qəbulu və müraciətlərinə baxılması, onların həllinə yönəlmiş tədbirlər haqqında danışıb.
Bu Proqramın həyata keçirilməsi üzrə İşçi qrupunun rəhbəri Elmira Süleymanova Zərdabda da ictimai dinləmənin əhəmiyyətini vurğulamış, ölkəmizdə əhalinin bütün qruplarının insan hüquqlarının müdafiəsinin dövlətin diqqətində olan ən mühüm məsələlərdən olduğunu diqqətə çatdırıb. O, ölkəmizdə, o cümlədən Zərdabda sosial-iqtisadi islahatları, Regionların sosial-iqtisadi inkişaf Proqramının uğurla həyata keçirildiyini müsbət dəyərləndirib.
Müzakirələrdə rayonun polis rəisi, prokuroru, icra və bələdiyyə orqanlarının məsul işçiləri, qeyri-hökumət təşkilatlarının, ictimai birliklərin nümayəndələri, ağsaqqallar, qadınlar, gənclər və digər iştirakçılar çıxış edərək, rayonda Milli Fəaliyyət Proqramı və insan hüquqları üzrə fəaliyyət, son məhkəmə-hüquq islahatları, məhkəmə qərarlarının icrasının təkmilləşdirilməsi istiqamətində, cinayətkarlıqla mübarizə üzrə tədbirlər, qeyri-hökumət təşkilatlarının fəaliyyəti, maarifləndirmə tədbirləri və digər məsələlər barədə məlumat veriblər.
Zərdab rayon rəhbərliyi və digər iştirakçılar göstərdiyi diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını bildirib, Milli Fəaliyyət Proqramının icrasında maraqlı olduqlarını, bu sənədin həyata keçirilməsini dəstəklədiklərini, rayon üzrə tədbirlər planlarına əsasən, əhalinin bu prosesdə fəal iştirak etdiyini vurğulamış, səmərəli təklif və tövsiyələrə görə Müvəkkilə təşəkkür ediblər.
Tədbirin sonunda Milli Fəaliyyət Proqramının nüsxələri, Ombudsman təsisatı tərəfindən hazırlanmış digər maarifləndirici vəsaitlər iştirakçılara təqdim olunub.

Keçidlər