ZƏRDABLILAR 1-Cİ RÜBƏ YEKUN VURDULAR
Cari ilin birinci rübü ərzində Zərdab rayonunda quruculuq abadlıq işləri davam etdirilib, sosial layihələr həyata keçirilib. Rayon iqtisadiyyatının əsas sahələrində 12 milyon 468 min manatlıq məhsul istehsal edilib. 126 daimi iş yeri yaradılıb. Rayon iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatında da inkişaf və irəliləyiş nəzərə çarpıb. Belə ki, 2013-cü ilin məhsulu üçün 17431 hektar sahədə əkilən payızlıq taxıla zəruri aqrotexniki qulluq göstərilib.
Bu məlumatlar 2013-cü ilin 1-ci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş hesabat yığıncağında verilib. Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev bildirib ki, dövlət proqramına uyğun olaraq Çallı, İsaqbağı, Aşağı Seyidlər kəndlərində yeni məktəb binalarının tikintisi davam etdirilib. 3 saylı körpələr evi uşaq bağçasının binasının əsaslı təmiri başa çatdırılıb. Həsən Bəy Zərdabi muzeyində yenidənqurma işləri davam etdirilib. Hesabat dövründə rayonun Gəlmə, Salahlı, Xanməmmədli və Hüseynxanlı kəndlərinə qaz xəttinin çəkilişi yekunlaşıb, eyni zamanda Pərvanlı və Dəli Quşçu kəndlərinə, “32 hektar” adlanan əraziyə mavi yanacağın verilməsi istiqamətində mühüm addımlar atılıb. Zərdab-Yuxarı Seyidlər-Siləyli avtomobil yolunun 2-ci hissəsinin əsaslı tikintisi sürətlə aparılıb. Zərdab şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin icrası uğurla davam etdirilib. 2 minə yaxın ailəyə bulaq suyu verilib. Süd məhsulları istehsal edən zavod, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin rayon aqroservis filialının inzibati binası, taxıl və gübrə anbarı, Baytarlıq İdarəsinin yeni binası istifadəyə tam hazır vəziyyətə gətirilib. Hesabat dövründə rayonun 4 kəndində fəaliyyət göstərən elektron avtomat telefon stansiyaları yüksək sürətli internetlə təmin olunub. Bununla belə Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə magistral avtomobil yollarının kənarlarında, rayon mərkəzində, kənd və qəsəbələrdə 93 min ədəddən çox ağac əkilib.
Hesabat yığıncağında ayrı-ayrı sahələr daha ətraflı təhlil olunub, qarşıda duran vəzifələr müəyyənləşdirilib.