realmedia.az saytında "Zərdab Rayon İcra Hakimiyyətində aztəminatlı ailələrə verilən dövlət yardımı mənimsənilir" başlıqlı material barədə Zərdab Rayon İcra Hakimiyyətinin açıqlaması
realmedia.az saytında "Zərdab Rayon İcra Hakimiyyətində aztəminatlı ailələrə verilən dövlət yardımı mənimsənilir" başlıqlı yazıya cavab olaraq bildiririk ki, Heydər Əliyev Fondu tərəfindən 1500 ərzaq yardımı bağlamasının rayonda yaşayan aztəminatlı ailələrə paylanılması məqsədilə Rayon İHB-nın inzibati ərazi dairələri üzrə nümayəndəlikləri tərəfindən ünvanları və telefon nömrələri göstərilməklə ərzaq yardımının verilməsi nəzərdə tutulan ailə başçıları haqqında ətraflı məlumatlar elektron qaydada müvafiq ünvana göndərilmişdir. Fond tərəfindən razılıq verildikdən sonra həmin ərzaq bağlamaları siyahıda qeyd olunan ünvanlarda yaşayan ailələrə çatdırılmış və yardımın alınmasını ailə başçısı öz imzası ilə təsdiq etmişdir. Ərzaq bağlamalarının bir hissəsinin imkanlı şəxslərə verilməsi barədə vətəndaşlardan daxil olan müraciətlər əsasında Rayon İcra Hakimiyyəti tərəfindən araşdırma aparılmış, Məmmədqasımlı kəndində bu sahədə nöqsanlara yol verildiyi müəyyən edilərək yoxlama materialları rayon prokurorluğuna göndərilmişdir, hazırda istintaq aparılır.
Ramazan ayının başlaması ərəfəsində Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 500 imkansız ailəyə ərzaq yardımı göndərilmiş, yardımın alınmasını ailə başçıları imzaları ilə təsdiq etmiş, eyni zamanda foto şəkilləri çəkilmişdir.
Bakı şəhərində və Zərdabda yaşayan imkanlı şəxslər tərəfindən 600 nəfərə yaxın aztəminatlı ailəyə ərzaq bağlamaları ilə köməklik göstərilmişdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və digər qurumların xətti ilə aztəminatlı ailələrə göndərilən yardımlar ünvanlı olmaqla həmin ailələrə müvafiq qurumlar tərəfindən çatdırılmışdır.
Aztəminatlı ailələrə verilən yardımların bir qisminin imkanlı şəxslərə verilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar böhtan xarakterli olmaqla heç bir hüquqi əsasa malik deyildir.